Bakı Enerji Həftəsi çərçivəsində İnkişaf etməkdə olan Səkkiz Ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) enerji nazirlərinin ilk iclası keçirilib.
Oxu.Az xəbər verir ki, "Karbohidrogenlər, enerji keçidi və enerji bağlantıları üzrə əməkdaşlığın genişləndirilməsi" mövzusunda təşkil olunan iclasda çıxış edən energetika naziri Pərviz Şahbazov Azərbaycanın D-8-ə üzvlüyünün Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş çoxşaxəli xarici siyasət kursunun və uğurlu enerji diplomatiyasının məntiqi davamı olduğunu bildirib.
Nazir vurğulayıb ki, Bakı Bəyannaməsi bu əməkdaşlığın gələcək konturlarını müəyyən edərək təmiz enerji, enerji bağlantıları, karbohidrogenlərin səmərəli idarə olunması, investisiya mühitinin gücləndirilməsi və texnoloji inkişafı əsas prioritetlər kimi təsbit edir:
"Gələcəkdə "D-8 Enerji və İqlim Mərkəzi"nin yaradılması isə bu əməkdaşlığın praktiki icrasını təmin edən mühüm institusional addım olacaq".
İclas çərçivəsində Enerji əməkdaşlığı üzrə Bakı Bəyannaməsi qəbul olunub və "D-8 Enerji və İqlim Mərkəzi"nin Nizamnaməsinin ilkin təqdimatı keçirilib.
Tədbirdə D-8 təşkilatının baş katibi Sohail Mahmud, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Pakistanın neft naziri Əli Pervaiz Maliki, Misirin neft və mineral ehtiyatlar naziri Kərim Bədəvi, Banqladeşin elektrik, enerji və mineral ehtiyatlar naziri İqbal Həsən Mahmud, İranın neft nazirinin müavini Səid Təvəkküli, həmçinin İndoneziya və Malayziyanın diplomatik nümayəndələri iştirak ediblər.
Bakıda D-8 Üzv Dövlətlərinin Enerji Nazirlərinin 1-ci görüşü keçirilir.
Oxu.Az-ın məlumatına görə, tədbir 31-ci Bakı Enerji Forumu çərçivəsində baş tutur.
Görüşdə üzv dövlətlərin nazirləri və rəsmi şəxsləri iştirak edirlər.
Görüşün sonunda "Enerji sahəsində əməkdaşlığa dair" Bakı Bəyannaməsinin qəbul edilməsi gözlənilir.