Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Heydər Əliyev prospekti yan yolda, Hidrometereoloji proqnozlar bürosunun yerləşdiyi binanın yanından Koroğlu metrostansiyasına qədər olan hissədə həyata keçirilən kompleks tədbirlər yekunlaşıb və yol tam bu gecə nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb.
Oxu.Az-ın məlumatına görə, yolun təmir olunmuş hissəsində asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəzlənib, səki daşları dəyişdirilib, səkilərə tamet daşları döşənib, zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri və üst qapaqları dəyişdirilib. Yolda nişanlanma xətləri çəkilib və zəruri olan yerlərdə yol nişanları da quraşdırılıb. Beləliklə, Heydər Əliyev prospekti yan yol tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.
Heydər Əliyev prospektində yerləşən yerüstü piyada keçidində də aparılan yenidənqurma işləri sona çatmaqdadır. Artıq keçidin üzlüyü tam olaraq yenilənib, piyadaların rahat şəkildə hərəkəti üçün eskalatorların istiqaməti dəyişdirilib.