Bakı ilə Misirin kurort şəhəri olan Şarm Əl-Şeyx şəhəri arasında birbaşa aviareyslər açıla bilər.
Oxu.Az xəbər verir ki, AzərTAc-ın məlumatına görə, bu barədə Cənubi Sina əyalətinin qubernatoru general Xalid Fuda azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.
Qubernatorun sözlərinə görə, “birbaşa aviareysin açılması məsələsi onun yanvarda Bakıya planlaşdırdığı səfəri zamanı müzakirə mövzularından biri olacaq. Hazırda Azərbaycandan olan turistlər Şarm Əl-Şeyxə Tbilisidən səfər edirlər ki, bu da müəyyən çətinliklər yaradır”.
“Bakı ilə Şarm Əl-Şeyx arasında açılması planlaşdırılan birbaşa aviareys bu sahədə çətinlikləri aradan qaldıracaq”- deyə qubernator bildirib.
Onun sözlərinə görə, Azərbaycan investorları regionda turizmlə yanaşı, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrinə də investisiya yatıra bilərlər:
“Azərbaycana planlaşdırılan bu səfər zamanı nümayəndə heyətinin tərkibində yer alacaq bir qrup misirli iş adamı ölkəmizdəki həmkarları ilə işgüzar əlaqələri müzakirə edəcək”.