Bakının ən böyük və hərəkətin intensiv olduğu prospektlərindən olan Ziya Bünyadov prospektində (Dərnəgül yolu kimi də tanınır) təmir-tikinti işləri sürətlə davam etdirilir.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin bildirdiyinə görə, artıq yolda asfalt-beton örtüyünün döşənməsinə başlanılıb:
“Prospektin ümumi uzunluğu 9,2 kilometrdir və Xutor dairəsindən Böyükşor qovşağınadək uzanır. Əsaslı təmirdən sonra prospektdəki hərəkət zolaqlarının sayı 4-dən 10-a çatdırılıb. Həmçinin yol boyunca yerləşən maneələr və kommunikasiya xətləri köçürülüb”.
P.Mürsəliyev əlavə etdi ki, yenidənqurma layihəsi çərçivəsində torpaq işlərinin 70 faizdən artığı görülüb. Paralel olaraq mərmər bardürlərin və asfalt örtüyünün döşənməsi də davam etdirilir.
Qeyd edək ki, Ziya Bünyadov prospektində 4 yerüstü piyada keçidinin inşası da davam etdirilir.