Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin tikintisi davam edir.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, işlər tam başa çatdırıldıqdan sonra aerovağzal ildə 3 milyon sərnişinə xidmət göstərəcək.
Layihənin icraçısı Azərbaycanın “Azvirt” şirkətindən bildiriblər ki, tikinti işlərinə 2011-ci ilin mart ayından başlanılıb. Layihəyə əsasən, ən müasir standartlara cavab verəcək aerovağzal kompleksinin ərazisi 58 min kvadratmetr təşkil edəcək. Üçbucaq formasında olacaq 4 mərtəbəli bina istifadəyə verildikdən sonra buradan beynəlxalq aviareyslər, mövcud terminaldan isə yerli reyslər həyata keçiriləcək.
Yeni terminal binasında beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki nailiyyətlərin tətbiqinə geniş yer veriləcək.
Layihənin məqsədi sərnişin və yük daşınmaları ilə bağlı xidmətin səviyyəsini daha da yüksəltmək, təyyarələrin uçuşlarının təhlükəsizliyini dünya standartlarına uyğunlaşdırmaqdan ibarətdir.
Yeni aerovağzal kompleksinin bu il istifadəyə verilməsi nəzərdə tutulub.