Bu ilin sonuna yaxın Bakıya gələcək turistlərin yerləşdirilməsi üçün yerlərin sayı artırılacaq.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib:
“Bakıda hazırda 11 min insanın yerləşməsi üçün şərait var. Düşünürəm ki, bu rəqəmi ilin axırına qədər 13-15 minə çatdıra biləcəyik”.
Nazir qeyd edib ki, lisenziya almayan hotellərin fəaliyyəti Olimpiya Oyunları zamanı qadağan olunacaq.
Onun sözlərinə görə, turizm fəaliyyəti göstərən obyektlərin lisenziyalaşdırılması üçün son monitorinq qrupları rayonlara ezam olunub:
“Hotellərin və mehmanxanaların lisenziyalaşması davam edir. Bakı və onun ətrafındakı bütün hotellər ilin axırına qədər lisenziya əldə etməlidir. Əgər lisenziya almasalar, Olimpiya Oyunları zamanı onların fəaliyyəti və xidməti qadağan olunacaq. Düşünürük ki, həyata keçirdiyimiz beynəlxalq tədbirlərdə yalnız lisenziya əldə edən hotellər öz xidmətlərini təqdim edə bilərlər”.