2015-ci ilin yanvar-may aylarında əsas kapitala 6 milyard 416,3 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7% çox vəsait yönəldilib.
Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istifadə olunmuş vəsaitin 4 milyard 151,1 milyon manatı və ya 64,7%-i məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitin 3 milyard 791,0 milyon manatını daxili vəsaitlər təşkil edib.
Bilavasitə tikinti quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait 2014-cu ilin eyni dövrü ilə müqayisədə 12% artaraq 4933,8 milyon manat təşkil edib.
2015-ci ildə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən 5 milyard 654,7 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulub və ötən beş ay ərzində həmin vəsaitin 1 188,2 milyon manatından istifadə edilib.
Müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına yanvar-may aylarında 723,8 min kvadrat metr yasayış evləri, növbədə 180 nəfəri qəbul etmək imkanına malik ambulatoriya poliklinika müəssisələri, 4548 sagird yerlik ümumtəhsil məktəbləri, 200 yerlik məktəbəqədər təhsil müəssisələri, 280 yerlik klub və mədəniyyət evləri, Bakı şəhərində 110 kilovoltluq “Ağ səhər-1”, “Həzi Aslanov”, “Kürdəxanı” və 35 kilovoltluq 7 elektrik yarımstansiyası istifadəyə verilib.
Bundan əlavə, Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi, Velopark, Avropa Oyunları Parkı, Atletlər və Media kəndləri, Bakı Konqres Mərkəzi, “Bulvar Hotel” oteli, “Dalga Beach-Aqua Park” ailəvi istirahət mərkəzi, Beynəlxalq Avtovağzal ərazisindən Bakı dairəvi yolunu birləşdirən körpü və Stend Atıcılığı Kompleksinə gedən yol, Sumqayıt şəhərində Beton məmulatı zavodu və “Alyans Tekstil” tikiş fabriki, Astara rayonunda Deqədi-Pəlikəs avtomobil yolu, Bərdə rayonunda Mollaisalar-Vəliusağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolu, Qusar rayonunda “Park Chalet Shahdag” oteli və s. obyektlər də müvafiq dövrdə istifadəyə verilib.
Ülviyyə R. Əli
www.oxu.az