Daha bir neçə kəndin içməli su təchizatı yaxşılaşdırılıb.
Oxu.Az-a “Azərsu” ASC-dən verilən məlumata görə, Zaqatala rayonunun Əlibayramlı, Muğanlı və Üçüncü Tala (Dombabinə) kəndlərinin içməli su problemi həll olunub.
Qurum bildirir ki, Zaqatala rayonunun Əlibayramlı, Muğanlı və Üçüncü Tala kəndlərində su təchizatı sistemi olsa da, artezian quyusunun istismara yararsız vəziyyətə düşdüyündən kəndlərin içməli su ilə təminatında çətinliklər yaranıb.
Bu kəndləri dayanıqlı içməli su ilə təmin etmək üçün rayonun Əlibayramlı kəndi ərazisində yeni artezian quyusu qazılıb. Yeni arteziandan çıxarılan su mövcud magistral su xətti ilə Əlibayramlı, Muğanlı və Üçüncü Tala kəndlərinə ötürülür.
Su mənbəyində mövcud bulaq əsaslı təmir edilərək sakinlərin istifadəsinə verilib. Layihənin icrası nəticəsində Əlibayramlı kəndində 3051, Üçüncü Talada 1844, Muğanlı kəndində 2787, ümumilikdə 7682 nəfərin içməli su təchizatı yaxşılaşdırılıb.
Qeyd edək ki, “Azərsu” ASC hazırda Zaqatala şəhəri ilə yanaşı, rayonun Əlibayramlı, Muğanlı və Üçüncü Tala kəndləri də daxil olmaqla 9 kənd yaşayış məntəqəsinə xidmət göstərir.
Ülviyyə R. Əli
www.oxu.az