2014-cü ildə Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql olunan neftin həcmi 1,8 milyon ton artıb.
Bu barədə Oxu.Az-a BP-Azerbaijan-dan məlumat verilib.
Belə ki, 2014-cü il ərzində BTC vasitəsilə təqribən 34,8 milyon ton (262 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 362 tankerə yüklənib. 2013-cü ildə isə BTC vasitəsilə 33 milyon ton (247,2 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 329 tankerə yüklənərək bazarlara yola salınıb.
“2014-cü ildə BTC üzrə əməliyyat xərclərinə 0,2 milyard dollar, əsaslı xərclərə isə 0,1 milyard dollar xərclənilib. BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir. Avqust ayında BTC Türkiyənin Ceyhan terminalından 2 milyardıncı barel nefti yola salmağını qeyd etdi”- deyə, şirkətin hesabatında deyilir.
Xatırladaq ki, 1 768 km uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyun ayından istismardadır. O vaxtdan bəri BTC vasitəsilə nəql edilib. Ümumilikdə təxminən 2,1 milyard barel (280 milyon ton) xam neft Ceyhanda 2 793 tankerə yüklənib və dünya bazarlarına göndərilib. Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.