Azərbaycanda ləğv edilmiş “Qafqaz İnkişaf Bankı” və “Atrabank”ın əmanətçilərinə veriləcək kompensasiyaların ilkin həcmi 15,4 milyon manat təşkil edəcək.
Oxu.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov deyib.
Onun sözlərinə görə, “Atrabank”da əmanətlərin ümumi həcmi 31 milyon manat təşkil edir, bu məbləğdən əmanətçilərə 13,9 milyon manat kompensasiya veriləcək: “Qafqaz İnkişaf Bankı"nda əmənətçilərin vəsaitlərinin həcmi 5 milyon manata çatır, bunun 1,5 milyon manatı qaytarılacaq”.
A.Cavadov qeyd edib ki, göstərilən məbləğlər ilkin rəqəmlərdir və dəqiqləşdiriləcək.
O əlavə edib ki, ADIF hər bir sığortalanmış əmanət üzrə 30 min manatadək qaytarmağı planlaşdırır, çünki adıçəkilən bankların lisenziyalarının geri çağırılması barədə qərar “Əmanətlərin tam sığortalanması haqqında” qanun qəbul edilməzdən əvvəl qəbul olunub.
11:10
Bu gündən Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) lisenziyası ləğv edilmiş “Qafqaz İnkişaf Bankı” və “Atrabank” ASC-lərin qorunan əmanətçilərinə kompensasiya ödəməyə başlayacaq.
Oxu.Az-a Əmanətlərin Sığortalanması Fondundan (ADİF) verilən məlumata görə, əmanətçilərə kompensasiyaların ödəniş yeri haqqında məlumat veriləcək.
Xatırladaq ki, “Qafqaz İnkişaf Bankı” və “Atrabank”da sığorta hadisəsi ötən həftə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin bankların müflis elan edilməsi barədə qəbul etdiyi qərardan sonra baş verib.
Ülviyyə R. Əli
www.oxu.az