2016-cı ilin fevral ayı ərzində 2 milyon 387 min 142 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. (Bu həcmin 1 milyon 342 min 125 tonunu Dövlət Neft Fondunun nefti təşkil edib). Cari ilin yanvar-fevral aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 5 milyon 235 min 233 ton təşkil edib.
Bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) Oxu.Az-a bildirilib.
“Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il mart ayının 1-ə qədər Ceyhan limanından 296 milyon 429 min 005 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
2016-cı ilin fevral ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 400 min 989 ton Azərbaycan nefti nəql olunub. Cari ilin yanvar-fevral aylarında bu kəmərlə 4 milyon 689 min 579 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il mart ayının 1-ə qədər BTC-yə 297 milyon 364 min 968 ton neft vurulub.
Bundan başqa, 2016-cı ilin fevral ayında BTC kəməri ilə 400 min 744 ton Türkmənistan nefti nəql olunub”, - deyə şirkətdən qeyd edilib.
Ülviyyə R. Əli
www.oxu.az