“Azəriqaz” İstehsal Birliyinin “Çağrı Mərkəzi”nin 104 və 185 nömrəli “qaynar xətt”inin fəaliyyəti barəsində araşdırma aparılıb.
Oxu.Az modern.az-a istinadən xəbər verir ki, sayt “Azəriqaz”ın fəaliyyəti barədə Milli Məclisin deputatlarının fikirlərini öyrənib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov qurumun fəaliyyətinə dair çox sayda şikayətlər aldığını bildirib:
“Mən hazırda seçicilərimi qəbul edirəm və onlar mənə “Azəriqaz”la bağlı çoxlu şikayətlər edirlər. Demək olar ki, seçicilərimin əksəriyyətinin şikayəti “Azəriqaz”dandır. “Azəriqaz”la bağlı dövlət başçısının sərəncamları və müəyyən proqramlar var.
Onların hamısı yerinə yetirilməlidir. Azərbaycan təbii qaz ixrac edən ölkədir. Onun təbii qazla bağlı niyə şikayəti olmalıdır ki? Həmin problem “Azəriqaz”ın və strukturunun tərkibindədir. Onlar işlərinə məsuliyyətli yanaşmırlar. Ona görə də, belə problemlər yaranır”.
Parlamentin İnsan hüquqları komitəsinin üzvü Tahir Kərimli isə deyib ki, “Azəriqaz”ın yarıtmaz fəaliyyəti nəticəsində çox sayda insan öz həyatını itirib:
“Onların öz işinə laqeyd yanaşması insanları illərlə ağrıdan faciələrə yol açır. Hazırda mənim yanımda birinci müavinim Abdulvahab Manafov var. O da bu faciəni yaşayanlardandır. Onun oğlu toyuna bir gün qalmış təbii qaz sızmasından dünyasını dəyişdi. Çox böyük faciədir. Bu gün Adbulvahab bəy heç bir şənliyə getmir, çox ağır travma alıb.
Mən həm o mərhum gəncin nişanlısını, həm də Abdulvahabı hər dəfə görəndə bədbəxt hadisəni yenidən yaşayıram. Biz istəmirik ki, başqalarının da övladı bu şəkildə dünyasını dəyişsin.
Təbii qaz kəsilir, sonra qəfildən, həm də yüksək təzyiqlə verilir, partlayışlar olur, insanlar ölür, qəza xidmətləri operativ reaksiya vermirlər.
Hətta saatlarla “qaynar xətt”ə cavab verən olmur. Bu məsələ bir neçə ay əvvəl dövlət səviyyəsində müzakirə olundu. Görünür, ölkə başçısının bununla bağlı ciddi tapşırığı olub. Əgər belə olmasaydı, SOCAR rəhbərliyi bu qədər struktur dəyişikliyinə getməzdi.
Çox sayda idarə və regional qurumların rəhbərlərini, strukturlarına başçılıq edənləri, qaz sistemində çalışan digər vəzifəli şəxsləri işdən azad etdilər. Mən ümid edirəm ki, bu dəyişikliklər davam etməli və effektli nəticə ortaya qoyulmalıdır. Hətta mən yaxın vaxtlarda SOCAR rəhbərliyi ilə görüşüb, bu məsələni qaldıracağam”.
U.A.
www.oxu.az