2016-cı ildə icmal büdcəyə daxil olan Azərbaycan Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 6 mlrd. 711,6 mln. manat proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 3 mlrd. 534,1 mln. manat və yaxud 34,5% azdır.
Oxu.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı 2016-cı ilin büdcə proqnozunda bildirilir.
Azərbaycan Dövlət Neft Fondunun 2016-cı il üçün büdcəsinin xərcləri 8 mlrd. 200 mln. manat təşkil edəcəkdir ki, bu da 2015-ci illə müqayisədə 4 mlrd. 104,8 mln. manat və yaxud 33,4% azdır.
Fondun xərclərinin 6 mlrd. manatı və yaxud 73,2% dövlət büdcəsinə nəzərdə tutulan transfertə, 2 mlrd. 150,5 mln. manatı və yaxud 26,2%-i bir sıra infrastruktur layihələrinin maliyyələşdirilməsinə (qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlər, Samur Abşeron suvarma sisteminin yenidən qurulması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu, Cənubi Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payı), 49,5 mln. manatı və yaxud 0,6%-i 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə və “2016-2020-ci illərdə gənc mütəxəssislərin xaricdə təhsili, ali təhsil müəssissələrində təhsilvermə bacarıqlarının təkmilləşdirilməsi və elmi tədqiqatların təşviqi üzrə Dövlət Proqramları”nın maliyyələşdirilməsinə yönəldiləcəkdir.