Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Fond birjaları bir sutkada 6 trilyon dollar itirdi: Ən çox kim ziyan çəkəcək?
Dünya birjalarında fond indeksləri son bir neçə gündə sürətli şəkildə enir. Xüsusən də Amerika Birləşmiş Ştatları və Yaponiya birjaları ciddi surətdə zərər görüb. Bir sutka ərzində birjalar 6 400 000 000 000 dollar itirib. Maraqlıdır ki, fundamental mənfi göstəricilərin olmadığı halda anidən dünya birjalarında baş verən çöküş nə ilə bağlıdır? Mövcud vəziyyət Azərbaycana necə təsir edə bilər?
İqtisadçı ekspert Xalid Kərimli Oxu.Az-a açıqlamasında sözügedən situasiyanın əsas səbəbini ABŞ iqtisadiyyatına bağlı investorların narahatlığı ilə əlaqələndirib:
"Belə ki, ABŞ-də məşğulluğa dair göstəricilər istənilən nəticəni vermədi. Belə ki, daha çox iş yerinin açılması gözlənilsə də, əksinə, işsizlik faizi daha da artdı. Bu da ona gətirib çıxardı ki, fond indekslərində ciddi geriləmə baş verdi".
"Bunun Azərbaycana təsirinə gəlincə, Azərbaycan neft-qaz istehsalçısıdır, əmtəə satır. Bizə səhmlərin azalmasından daha çox, əmtəə qiymətlərinin azalması əhəmiyyətli təsir göstərir. Düzdür, neft və qazın qiymətində də azalmalar var. Belə ki, bir neçə həftə bundan əvvəl bareli 85-90 dollara satılan "Brent" markalı neft indi 76 dollara satılır. Azərbaycana bunun da əhəmiyyətli təsirləri var. Çünki enerji gəlirləri azalır", - deyə ekspert vurğulayıb.
O, indekslərin birbaşa azalmasının Neft Fonduna təsirlərindən də danışıb:
"Neft Fondunun 25-30 faiz portfeli səhmlərdə yerləşir. Bu göstərici səhmlərin qiyməti artıb-azalanda dəyişsə də, ümumi qaydaya görə, səhmlərdə 25-30-a qədər portfel yerləşdirilə bilər. Səhmlərin qiyməti düşəndə isə həmin portfelin sözügedən hissəsində itki olur. Amma digər tərəfdən, Neft Fondu təkcə səhmlərə yox, həm də istiqrazlara yatırım edib. Çünki investorlar riskdən qorxaraq daha az riskli istiqrazlara investisiya yatırırlar. Yəni səhmlərini satıb istiqraza keçirlər. Neft Fondunun portfelinin 60-65%-i də istiqrazlarda olur. Buna görə də onun səhmlərinin dəyəri baş verən proseslər nəticəsində azalanda səhmdarlar istiqrazlardan qazanırlar".
"Bu baxımdan, Azərbaycanda bu istiqamətdə ən böyük itki fərdi investorlarda ola bilər. Məsələn, kimsə hansısa birjada hansısa şirkətin səhmlərini alıbsa, onun səhmlərinin dəyəri düşəndə itki ola bilər. Amma burada əsas nüans birjanın iqtisadiyyatdan qabaq proseslərə reaksiya verməsidir. Yəni ABŞ iqtisadiyyatı resessiyaya (iqtisadi fəallığın geriləməsi) girəcək, yoxsa yox? Əgər ABŞ iqtisadiyyatı resessiyaya girsə, bu, əmtəə qiymətlərini kəskin azalda bilər. O zaman bizə daha çox mənfi təsirləri ola bilər", - müsahibimiz fikrini yekunlaşdırıb.
Mərahim Nəsib