Kəskin bahalaşmalardan sonra neft qiymətlərində cüzi azalma müşahidə olunub. Bu ərəfədə investorlar Yaxın Şərq regionunda baş verən hadisələrin gedişatını diqqətlə izləməyə davam edirlər.
Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
Bakı vaxtı ilə saat 09:06-da Londonun ICE birjasında "Brent" markalı neftin noyabr füçerslərinin qiyməti 0.61 dollar (0.64%) azalaraq bir barel üçün 95.02 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent" 0.98 dollar (1%) bahalaşaraq bir barel üçün 95.63 dollar təşkil etmişdi.
Nyu-York Ticarət Birjasında (NYMEX) WTI markalı xam neftin oktyabr füçersləri 0.44 dollar (0.48%) ucuzlaşaraq bir barel üçün 90.57 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neftin qiyməti 0.79 dollar (0.9%) artaraq bir bareli 91.01 dollara satılmışdı.