Çin Xalq Respublikasının Sədri Si Cinpin Qahirədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşü zamanı Yaxın Şərq regionunda yeni təhlükəsizlik arxitekturasının yaradılması ilə bağlı təklif irəli sürüb.
Bu barədə Oxu.Az "Xinhua" agentliyinə istinadən xəbər verir.
Çin liderinin fikrincə, ilk növbədə, region xalqları "öz problemlərini sərbəst şəkildə həll etməlidirlər və kənardan müdaxilə qəbuledilməzdir". İkincisi, "Yaxın Şərqdə bir-biri ilə sıx bağlı olan qaynar nöqtələrdəki çox sayda problemi nəzərə alaraq kompleks həll yolları" tapılmalıdır. Si Cinpin Fələstin məsələsini bölgədəki problemlərin mərkəzi adlandıraraq, onun "gözardı edilməməsi və ya arxa plana keçirilməməsi"nin vacibliyini vurğulayıb.
Üçüncü vacib məqam kimi Si Cinpin region ölkələrinin inkişafının təmin olunmasını qeyd edib. O bildirib ki, Çin tədricən qarşılıqlı etimadı gücləndirmək və münaqişələr üçün zəmini aradan qaldırmaq məqsədilə ölkələrin maraqlarının yaxınlaşmasına və inkişafa dəstək verməyə hazırdır. Həmçinin Pekin beynəlxalq dəniz marşrutlarının təhlükəsizliyini təmin etmək üçün region dövlətləri ilə birgə işləməyə hazır olduğunu bəyan edib.
Sədr dövlətləri regional məsələlərin həllində əsas prinsiplər kimi BMT Nizamnaməsi və beynəlxalq hüququ rəhbər tutmağa çağırıb. Misir rəhbəri isə öz növbəsində qonağı əmin edib ki, irəli sürülən bu təşəbbüs ətraflı şəkildə öyrəniləcək.
Agentlik, həmçinin Çin sədrinin səfəri ilə əlaqədar Qahirədə böyük coşqunun olduğunu diqqətə çatdırır - şəhərin küçələri Çin bayraqları və Böyük Çin səddinin təsvirləri ilə bəzədilib.