Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Dünya ekspertləri Azərbaycan iqtisadiyyatı haqqında
Dünya İqtisadi Forumunun 2013-cü ilə dair hesabatında Azərbaycan iqtisadiyyatı rəqabətə davamlılığına görə dünya ölkələri arasında 39-cu yeri tutub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycan “İqtisadi Azadlıq İndeksi - 2014” hesabatında daha altı pillə irəliləyib.
Ölkəmiz iqtisadi azadlıq səviyyəsinə görə İtaliya, Rusiya, Ukrayna və bir sıra digər Avropa dövlətlərini qabaqlayır.
Azərbaycanın iqtisadi sahədə qazandığı bu nailiyyətlər, eləcə də ölkədə həyata keçirilən liberal iqtisadi islahatlar, rəqabətə davamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl və qətiyyətli addımlar dünyanın aparıcı iqtisadi və maliyyə institutlarının, reytinq agentliklərinin, iqtisadi azadlıq səviyyəsini tədqiq edən fond və mərkəzlərin diqqətindən kənarda qalmır və yüksək qiymətləndirilir.
İqtisadiyyat sahəsində inkişafının dünyanın bir çox qabaqcıl ölkələrinə nümunə ola biləcək Azərbaycan modeli özünə getdikcə daha çox diqqət çəkməkdədir. 2013-cü ildə Azərbaycanda böyük layihələr icra edilib, ölkədə aparılan islahatlar daha da dərinləşib. Ümumi daxili məhsul təxminən 6% artıb ki, bu da dünya səviyyəsində böyük nəticə hesab olunur. Ötən il Azərbaycanın qeyri-neft sektoru 9,8% artıb, il ərzində ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulub. Bu göstəricilərin hər biri öz-özlüyündə rekord nəticələrdir.
Dünyanın “Moodys”, “Fitch Raitings”, “Standard and Poors” kimi aparıcı reytinq agentlikləri, hətta inkişaf etmiş ölkələrin maliyyə reytinqini aşağı saldıqları halda, Azərbaycanın maliyyə reytinqini ardıcıl olaraq yüksəldirlər.
Dünya İqtisadi Forumunun 2013-cü ilə dair hesabatında Azərbaycan iqtisadiyyatın rəqabətə davamlılığına görə dünya ölkələri arasında 39-cu yeri tutub.
Artıq vaxtilə Azərbaycanı tənqid edən qurumlar da ölkəmizin iqtisadi inkişaf sahəsində qazandığı uğurları etiraf etmək məcburiyyətindədirlər.
ABŞ-ın “Heritage” Fondu və “Wall Street Journal” qəzetinin birgə hazırladığı “İqtisadi Azadlıq İndeksi - 2014” adlı hesabatda Azərbaycan 100 mümkün xaldan 61,3 xal toplamaqla, dünyanın 186 ölkəsi arasında 81-ci yeri tutaraq iqtisadi cəhətdən orta azad ölkələr sırasına daxil olub. Ötən illə müqayisədə Azərbaycan 6 pillə irəliləyib və iqtisadi azadlıq indeksini 1,6 xal yaxşılaşdırıb. Buna səbəb kimi maliyyə idarəçiliyi və mülkiyyət hüququ məsələlərində irəliləyişlər əldə olunduğu göstərilir.
Hesabatda dövlət borcunun aşağı səviyyədə olduğu xüsusi vurğulanıb. Həmçinin, dövlət xərcləri, vergi, biznes, əmək, monetar, ticarət, investisiya, maliyyə azadlıqlarının vəziyyəti ilə bağlı olduqca pozitiv nəticələr nümayiş etdirildiyi qeyd olunur.
Azərbaycan 42 Asiya - Sakit Okean ölkəsi arasında 13-cü yeri tutub və onun orta xalı orta regional və qlobal göstəricilərdən daha yüksəkdir. Azərbaycan iqtisadi azadlıq səviyyəsinə görə Hindistan, İtaliya, Xorvatiya, Serbiya, Yunanıstan, Rusiya, Ukrayna kimi ölkələri qabaqlayıb.
Hesabatda qeyd edilir ki, son illər Azərbaycanda iqtisadi azadlıqlar kifayət qədər genişlənib. Ardıcıl şəkildə həyata keçirilən silsilə xarakterli böyük islahatlar nəticəsində Azərbaycan orta azad ölkələr sırasına daxil olub. Əgər reytinqdə 10 xallıq irəliləmə 9 ölkədən 10-u üçün yaxşı nəticə hesab oluna bilərsə, Azərbaycan ümumi iqtisadi azadlıq səviyyəsinin yaxşılaşmasında 31,3 xal toplayaraq hər bir ölkə üçün ən yaxşı göstərici sayıla biləcək nəticə nümayiş etdirib.
“Bir pəncərə” prinsipinin tətbiqi Azərbaycanda biznesə başlamağı tam sadələşdirib. Bunun üçün zəruri prosedurların sayı 6-ya endirilib, minimal kapital isə tələb olunmur.
Hesabatda bildirilir ki, son illər neft və qaz hasilatı, tikinti sektoru və iqtisadiyyata özəl investisiyalar artıb. 2012-ci ilin iyununda Azərbaycan və Türkiyə Avropanın Rusiya qazından asılılığını azaldacaq TANAP layihəsini təsdiq edib.
Bu və digər hesabatlar bir daha təsdiqləyir ki, Azərbaycan iqtisadi cəhətdən azad ölkədir. Azərbaycanda əlverişli biznes, investisiya mühiti mövcuddur. Son 10 ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb, ölkə iqtisadiyyatına 150 milyard dollardan çox investisiya yatırılıb. Azərbaycanın valyuta ehtiyatları 50 milyard dolları ötüb, işsizliyin səviyyəsi 5 faizə, yoxsulluq isə 5,3 faizə enib.
Bütün bu uğurlar liberal iqtisadi islahatların, düşünülmüş, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçirilməsi, siyasi iradə nəticəsində mümkün olub və Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən xəbər verir.
"Azərbaycan" teqi üzrə xəbərlər
- Türkiyə vətəndaşı Azərbaycanda öldü
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Abdulkadir Uraloğlu: "Türkiyə-Azərbaycan tranzit keçid sənədi kvotası 100 minə yüksəldildi"
- Göyərtəsində azərbaycanlıların olduğu gəmi Kerç boğazında çətin vəziyyətə düşüb
- Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi qəbul edildi