2020-ci ildə Rusiya qazının Avropa bazarında payı azalacaq.
Oxu.Az-a bu sözləri Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Trans Anadolu Qaz Boru Kəmərinin (TANAP) perspektivlərini şərh edərkən bildirdi.
İlham Şabanın sözlərinə görə, hal-hazırda Avropada Rusiya qazının həcmi 30%-dən çoxdur, 2020-ci ildə isə bu göstərici 26-27%-ə düşəcək.
“Bu 4%-in içində Azərbaycan qazı da yer alacaq. Həmin 4%-in 2.5%-i məhz Azərbaycan qazının payına, digərləri isə ABŞ, Kanada və s. ölkələrin payına düşəcək”.
Ekspert bildirir ki, Avropa çalışacaq ki, bazarda diversifikasiya edə bilsin:
“Rusiyadan Bolqarıstana ixrac edilən qazın həcmi azaldıqdan sonra o bazarın 1/3-i Azərbaycanın payına düşəcək. Güman olunur ki, 2020-ci ildə Bolqarıstan Azərbaycandan 1 milyard kubmetr qaz alsın. Yunanıstanın isə Azərbaycandan 25% qaz alacağı ehtimal olunur”.
“Biz istər-istəməz Avropada Rusiyanın rəqibinə çevriləcəyik” deyə, İlham Şaban bildirib.
Rusiya prezidenti Putin ilə Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın telefon danışıqlarının mövzusuna toxunan İlham Şaban bildirdi ki, TANAP bu danışıqların bir hissəsi ola bilər.
“Düşünürəm ki, bütövlükdə isə enerji sahəsində əməkdaşlıq müzakirə olunub”.
Ekspert həmin kəmərin Azərbaycan üçün gətirəcəyi dividentə də toxundu:
“2023-cü ildə qaz kəmərinin həcmləri 16 milyarddan 23 milyarda, 2026-ci ildə 31 milyarda çatacaq. Ondan sonra da 40 il bu kapital təmirsiz işləyə biləcək. Sonra təqribən 20 il də istifadədə ola biləcək. 2020-ci ildə bunun başlanğıcını hesab etsək təqribən 2070-2080-ci ilə qədər boru kəməri Azərbaycanın və digər xarici ölkələrin qazının xaricə çıxarılması ilə bağlı olaraq istismarda olacaq”.
Qeyd edək ki, Trans Anadolu Boru Kəməri (TANAP) “Şahdəniz” qazını Türkiyə ərazisi boyunca nəql edəcək.
Ülviyyə R. Əli
www.oxu.az