Dekabrın 22-də BP və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında Hasilatın Pay Bölgüsü sazişi (HPBS) imzalayıb.
Bu sazişin mahiyyətini Oxu.Az-a şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, sazişin xüsusiyyəti geoloji kəşfiyyat üzrədir və bunun məqsədi bundan sonra geoloji kəşfiyyat sahəsində addımlar atmaqdır.
“Bu da Abşeron yarımadasının cənub hissəsində dənizin 40 metr dərinliyinə qədər olan sahənin yenidən öyrənilməsi və orada olan ehtiyatların dəqiqləşdirilməsi ilə bağlıdır,” - deyə, ekspert bildirib.
Sazişin tərəflər üçün əhəmiyyətindən danışan İlham Şaban deyib ki, sənəd gələcəkdə SOCAR və BP arasında olan əməkdaşlığa müsbət təsir edəcək.
“Bu əməkdaşlıq çərçivəsində əgər yeni neft və yaxud qaz ehtiyatları tapılarsa, hər iki şirkət üçün birincisi əməkdaşlığın daha da uzunmüddətli olmasına təkan verəcək. İkincisi, bu saziş hər iki şirkətin enerji ehtiyatlarının artırılmasına xidmət edəcək. Bu isə hər iki şirkətin kapitalının artırılması deməkdir. Üçüncüsü də, bu, gələcək hasilatın artırılması yönümündə atılmış yeni bir addım olacaq,” - deyə, ekspert bildirib.