İribuynuzlu heyvanlar arasında yayılan nodulyar dermatit virus xəstəliyinin kliniki əlamətləri ölkəmizin Biləsuvar, Ucar, Cəlilabad və Ağdaş rayonlarında saxlanılan heyvanlar arasında da müşahidə olunmaqdadır. Bu təhlükə ilə bağlı olaraq, artıq bir neçə heyvan bazarı bağlanıb. Həmin bazarların bağlanması istər-istəməz heyvan kəsimində müəyyən problemlərin yaranmasına gətirib çıxara bilər. Maraqlıdır, belə şəraitdə bazarlarda ət qıtlığı və bahalaşma tendensiyası müşahidə edilə bilərmi?
Oxu.Az Movqe.az-a istinadən xəbər verir ki, kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov baş verən xəstəliklə bağlı əlaqədar bu sahədə qıtlıq yaranacağı və qiymət bahalaşmasının baş verəcəyini düşünmür:
“Hazırda yay fəslidir. İlin bu aylarında əhali ət və ət məhsullarından o qədər də geniş çeşiddə istifadə etmir. Keçən il də heyvanlar arasında virus xəstəliyinin yayılması halları yay aylarına təsadüf etmişdi. Həmin dövrdə də gördük ki, istehlakçılar ətdən o qədər də istifadə etmirdi. Bu üzdən belə demək mümkünsə, bir növ istehlakçıların bəxti gətirib. Bu bəxt də ondan ibarətdir ki, yay fəsli ilə müşayiət olunan fonunda yaxın bir neçə ayda ət və ət məhsulları sahəsində qıtlığın olması və qiymətin bahalaşmasının baş verəcəyini düşünmürəm.
Ancaq sözügedən xəstəliklər daha geniş yayılaraq, heyvanlar arasında ölüm hallarının artmasına səbəb olsa, belə vəziyyət sözsüz ki, ətin qiymətinin qalxmasına təsir edəcək.
Qeyd edək ki, Azərbaycanın ət təminatında idxaldan asıllığı da tədricən artır. Keçən il Gürcüstandan 110 min başa yaxın iri buynuzlu mal-qara idxal edilib. Bu isə olduqca böyük rəqəmdir. Bir yandan ət və ət məhsulları idxal olunur. İndi də diri heyvanları gətirərək, daxildə kəsim edirlər. Ət idxalının artması onu deməyə əsas verir ki, nodulyar dermatit xəstəliyi geniş yayılarsa, qısa zamanda onun qarşısı alınmazsa, belə olan halda Azərbaycanın ət bazarında qiymət çox böyük sıçrayışla qalxa bilər”, - Vahid Məhərrəmov deyib.
Ekspert həmçinin qeyd edib ki, Azərbaycanda sözügedən xəstəliyin hansı mənbədən yarandığı, daşıyıcısının qan soran həşərat olduğu, ya da ola bilsin, digər ölkələrdən idxal olunan mal-qaradan keçməsi kimi məqamlar araşdırılmalıdır.