Mayın 12-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Türkiyə Respublikası baş nazirinin müavini Əli Babacanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Oxu.Az Milli Məclisin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, görüşdə qeyd olunub ki, Azərbaycan-Türkiyə münasibətlərinin digər dövlətlər üçün də nümunə ola biləcək səviyyədədir.
Oqtay Əsədov bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələr də qürurvericidir.
“Bu gün Türkiyədə 1300-dən çox Azərbaycan şirkəti, ölkəmizdə isə 2400-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir. Bu il Qarsda TAP qaz layihəsinin təməlqoyma mərasiminin keçirilməsi iqtisadi əməkdaşlığımızın yüksək səviyyədə olmasının əyani göstəricilərindəndir. Enerji sahəsindəki əməkdaşlığımız Avropanın enerji xəritəsini dəyişmək iqtidarındadır”, - spiker deyib.
Türkiyə Baş nazirinin müavini Əli Babacan tarixən ölkələr arasında sarsılmaz təməllər üzərində qurulmuş dostluğun bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
O, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığının bölgə üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
“Bu əməkdaşlıq bölgəyə əmin-amanlıq, firavanlıq gətirəcək. TAP və TANAP kimi iri qaz layihələrinin, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin reallaşması ilə hər iki ölkənin regionda nüfuzunun daha da artıracaq”, - Əli Babacan deyib.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.