Oxu.Az-ın suallarına politoloq, sabiq diplomat Fikrət Sadıxov cavab verir:
- Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəs rejiminə dair müqavilənin bağlanmasından 21 il ötür. Bu hadisəni bu günün prizmasından qiymətləndirsək, onun mühümlüyü nədən ibarətdir?
- Reallıq ondan ibarətdir ki, atəşkəs rejimi əsaslandırılmış idi, çünki qan tökülürdü, Azərbaycanın yeni rayonlarının işğalı üzrə planlar qurulurdu. Xarici qüvvələrin yardımı ilə Respublikanın cənub və şimal hissəsində ərazi bütövlüyü təhlükə altında idi, cəbhə xəttində fəal qarşıdurmanı dayandıracaq formatı və diqqəti cəmləmək imkanını tapmaq, gələcəkdə adekvat cavab vermək üçün hərbi potensialı artırmaq lazım idi.
Yekunda atəşin kəsilməsində maraqlı olan beynəlxalq təşkilatlar, ilk növbədə ATƏT və Minsk qrupu daxil olmaqla bir sıra amillər mövcud idi. ATƏT-in Minsk qrupu formatına daxil olan münaqişənin tənzimlənməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə dair vədlər verilirdi. Təəssüf ki, bunların heç biri baş vermədi və yalnız öz qüvvəsinə güvənən Azərbaycan həm müdafiə potensialını möhkəmləndirdi, həm iqtisadi qüvvəsini artırdı və regionda dünya ictimaiyyətində sayılan mühüm oyunçulardan biri oldu.
- Ermənilər Dağlıq Qarabağda separatçı rejimin münaqişənin həllinə qoşulmasından yanadırlar, onlar bəyan edirlər ki, bu region atəşkəs müqaviləsinə əsasən münaqişənin üçüncü tərəfidir. Hansı şəraitdə ermənilərin bu arzusu yerinə yetirilə bilər, əgər bu ümumiyyətlə, mümkündürsə?
- Ermənilər hər zaman təhriflə məşğuldurlar, qara ilə ağı səhv salırlar, 1990-cı illərin əvvəllərindən baş verənləri - hər şeyi baş-ayaq çevirirlər. Bəli, separatçı rejim öz imzasını qoyub, amma ermənilər məsələnin digər tərəfi barədə susurlar.
ATƏT münaqişə tərəfləri olaraq Azərbaycan və Ermənistanı tanıyır. Bu təşkilatın qərarında və Minsk qrupunun fəaliyyətində Qarabağ rejimi münaqişə tərəfi kimi yoxdur. Bu, sadəcə erməni təxribatının uydurmasıdır, bu uydurma öz auditoriyasını aldatmağa və o dövrdən nə baş verdiyini bilməyənlərə istiqamətləndirilib. Müharibə separatçı rejim ilə getməyib, bu, aşkardır. Biz Ermənistan ilə müharibə etmişik və Ermənistan bu faktı gizlətmir.
Qarabağ cəbhəsində Ermənistan vətəndaşları həlak olur, meyitləri Ermənistana gətirirlər, Qarabağa deyil. Bunlar aşkar faktlardır. Əgər ermənilər bizi aldatmağa çalışırlarsa, bu inandırıcı deyil, çünki biz kiminlə müharibə etdiyimizi gözəl bilirik. Əgər ermənilərin bu fəaliyyəti beynəlxalq ictimaiyyətə istiqamətlənibsə, düşünürəm ki, orada da açıq düşüncəli siyasətçilər var, və onlar regionumuzda baş verən hadisələrə aydın qiymət verməyə qadirdirlər.
- Bakıdan vasitəçilərin fəaliyyətinə dair tez-tez qınaqlar eşidilir. Necə düşünürsüz, Azərbaycan hansı şərtlər altında danışıqları kəsərək, öz torpaqlarını hərbi yolla azad etməyə başlaya bilər?
- Bizi hardasa hələ ki, dünyanın aparıcı dövlətlərinin, Minsk qrupunun həmsədrlərinin, ümumiyyətlə, bütün beynəlxalq strukturların bu münaqişədən danışarkən Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını vurğulamaqları qane edir - bu birincisi.
İkinci fakt aparıcı dövlətlərin mövqeyindədir, açığını deyək, bəzən hansısa qərarı qəbul etdirməyə çalışırlar, bəzən qeyri-adekvat davranırlar. Əsas odur ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, Dağlıq Qarabağ separatçı rejimi isə heç kim tərəfindən tanınmır.
Bizi qane etməyən yeganə şey, Ukraynada, Moldovada, Yaxın Şərqdə eyni kökə malik eyni münaqişələrə ikili yanaşmadır. Məsələn, Ukrayna münaqişəsində döyüşmək, separatizmlə hərbi üsullarla mübarizə etmək hüququ tanınır, bizim halda isə Ermənistanın işinə yaramağa çalışırlar, sülh prosesinin davam etməsi üçün fəal tədbirlər görürlər.
Aydındır ki, belə şəraitdə hərbi fəaliyyətə başlamaq asan deyil, reallıq ondan ibarətdir ki, şəxsi torpaqlarımızın azad edilməsi üçün heç olmasa bir sıra aparıcı dövlətlərin zəmanətini qazanmaq lazımdır. Və bu kontekstdə öz ərazilərimizi azad etmək asandır. Amma digər reallıq ondan ibarətdir ki, hələlik bu məsələ tam həll edilməyib.
Mən əminəm ki, sonda ölkəmizin hərbi potensialının artması, iqtisadi inkişafı və Azərbaycanın beynəlxalq münasibətlərdə mühüm oyunçu kimi geniş şəkildə tanınması zamanı bu problem müəyyən zamanda öz həllini tapa bilər. Görünür, burada həm geosiyasi, həm də regional xarakterli bir çox amillərin, eləcə də sülh prosesinin davamının vacibliyi ilə bağlı məsələlərin üst-üstə düşməsi lazımdır.
Və burada çox şey Ermənistana himayədarlıq edən, Azərbaycan ərazisinin işğalı ilə bağlı aşkar faktları görməməyə çalışan qonşularımızın, aparıcı dövlətlərin mövqeyindən asılı olacaq.
F.H.
www.oxu.az