Neftin dünya bazar qiymətlərinin son vaxtlar daha çox bahalaşmaya meylli olması müxtəlif səbəblərlə izah edilir. Qeyd edək ki, bir ara hətta 70 dolları keçmək üzrə idi.
Çox maraqlıdır ki, mövcud tendensiyaya bəzi ekspertlər sanki bilərəkdən səthi yanaşırlar. Belə ki, qiymətlərin yenidən yuxarıya doğru qalxması üçün heç bir əsaslı səbəblərin olmadığını dilə gətirən bu ekspertlər belə görünür, ya keçən ilin iyun ayından başlanan ucuzlaşma prosesini dəqiq izləməyiblər, ya da məsələyə sırf siyasi prizmadan yanaşmaq “xəstəliyindən” yaxa qurtara bilmirlər.
Neftin qiymətinin formalaşmasında şübhəsiz ki, siyasi amillərin də rolu vardır və bunlar bəzən, daha çox təsirə malikdir. Lakin yaddan çıxarılmalı deyil ki, neft hər şeydən öncə bir iqtisadi məhsuldur və onun hasilat xərcləri, daşınma, satış və tələb, təklif kimi tərəfləri vardır. Qiyməti də əvvəl məhz bu amillər müəyyən edir. Siyasi amillər isə yalnız bundan “üst hissə” üzrə manevrlər həyata keçirtmək imkanı yaradır ki, buna da ancaq, cəmi bir neçə ölkə qadirdir.
Bəs, son günlər nefti bahalaşdırmaya meyl etdirən səbəblər hansılardır?
Biz, hələ bu ilin fevralında yazmışdıq ki, dünya bazarlarında xam neftin qiymətlərinin ötən ilin iyun ayından etibarən başlanan ucuzlaşması prosesi artıq, dayanıb.
Belə ki, fevralın ilk həftələri ərzində müxtəlif markalı xam neft qiymətlərinin 50-60 ABŞ dolları arasında rəqs etməyə başlamasi ucuzlaşmanın arxada qaldığını deməyə əsas verdi.
Ümumiyyətlə, neftin keçən ilin iyun ayından bu ilin fevralınadək ucuzlaşması prosesi nə qədər “basqı yapıldısa” da qiyməti 40 dollardan aşağı salmaq mümkün olmadığını göstərdi. Çünki bu günki tələblər nöqteyi-nəzərdən xam neft qiymətinin “dib nöqtəsi” maksimum 45-50 dollar arası təşkil edir.
Keçən il ərzində ucuzlaşmanın qarşısını almaq məqsədilə istər ayrıca olaraq Səudiyyə Ərəbistanına, istərsə də OPEK-ə nə qədər güclü təzyiqlər göstərildisə də hasilat azaldılmadı. Belə ki, OPEK-in keçən ilin noyabrın 27-də keçirilən iclasında üzv ölkələrdə hasilatı nisbətən azaltmaq qərarına gəlmək mümkün olsa idi, qiymətlər bu ilin fevralından deyil, keçən ilin sonunda sabitləşəcəkdi.
Məsələ bundadır ki, ucuzlaşmada “marağı” olan, onun elə bahalaşmasında da əsas səbəbkar olmalı idi. Söhbət, ABŞ-dan gedir. Dünyanın bir nömrəli iqtisadi gücünə malik adı çəkilən ölkə “qara qızılın” ucuzlaşmasından siyasi mənada nə qədər çox dividend götürdüsə də mənfi təsirlərindən yaxa qutara bilməzdi. Çünki Birləşmiş Ştatlar nə qədər güclü iqtisadi gücə sahib olsa da qlobal iqtisadiyyatın bir üzvü sayılır.
Və neftin ucuzlaşmasının bu ölkə üçün də bir həddi var.
İş ondadır ki, hələ fevral ayından bəlli idi ki, ABŞ iqtisadiyyatı böhrandan çıxsa da bərpa prosesi zəifləyib. Halbuki, Prezident Barak Obama ölkənin mövcud sosial-iqtisadi və siyasi vəziyyətinə dair illik hesabatla Konqresdə bu ilin yanvarında etdiyi çıxışda böhranın başa çatdığı və iqtsadiyyatın dirçəldiyi, işsizliyin azaldığını demişdi.
Ümumiyyətlə, bu ilin I rübündə Amerika iqtisadiyyatı yaxşı start götürməyib. Bu da təbiidir. Ona görə ki, güclü dollar zəif istehsal və ixrac deməkdir. Dolların dəyəri isə keçən ilin aprel ayından başlayaraq möhkəmlənir. Belə ki, tendensiya Federal Ehtiyatlar Sistemi (FES) kəmiyyət yumşaldılması siyasətini dayandırdığı elan etdikdən dərhal sonra start götürdü.
Yeri gəlmişkən, dolların dəyəriylə neftin qiyməti arasında isə tərs mütənasablik mövcuddur: birinci möhkəmləndikdə neft ucuzlaşır, zəiflədikdə isə bahalaşır.
Son məlumata əsasən isə, ABŞ-ın xarici ticarət balansı üzrə defisit nə az, nə çox 51,4 milyard dollara yüksələrək 2008-ci ilin oktyabr ayındakı səviyyəyə çatıb. Təkcə bir faktı qeyd etmək yetər ki, ölkənin Ticarət Departamenti tərəfindən mart ayına görə açıqlanan bu rəqəm fevral ayı ilə müqayisədə 43,1% artıq deməkdir. Ticarət balansında bu cür kəsir tempi Birləşmiş Ştatlarda sonuncu dəfə 1996-cı ildə qeydə alınmışdı.
Odur ki, sözügedən ölkədə cari ilin I rübü ərzində ümumi daxili məhsul (ÜDM) istehsalı üzrə artım səviyyəsi 0,2% təşkil edib. Halbuki, bütövlükdə il üzrə 3% artım proqnozlaşdırılıb. 2014-cü ildə isə 2.2% olmuşdu. Bunun da iki başlıca səbəbi vardır: birincisi, təkrar edirik ki, dolların möhkəmlənməsi, ikincisi də neftin ucuzlaşması səbəbindən enerji şirkətlərinin investisiyaları məhdudlaşdırmasıdır.
O cümlədən, iqtisadi aktivliyin 2/3 hissəsini müəyyən edən istehlak xərcləri də azalmışdır. Bunu mövsümi amillərlə əlaqələndirənlər vardır. Lakin məsələnin kökündə başqa amillər dayanır. Belə ki, satılmamış amerika məhsulları üzrə ehtiyat demək olar, rekord həddə çatıb. Və bu da ancaq və ancaq, dolların dəyərinin möhkəm olması səbəbindən ixrac imkanlarının məhdudlaşması ilə əlaqədar baş verib. Odur ki, beynəlxalq ekspertlər də mövcud vəziyyətin tezliklə dəyişəyinə ümid etməyin düzgün olmadığını bəyan edirlər.
Bu yerdə bir məsələyə də toxunmaq yerinə düşər. Neftin qiymətlərinin yenidən yuxarı qalxması üçün heç bir səbəbin olmadığını israr edənlər FES-in iyunda baza faiz dərəcəsini qaldıracağını söyləyirlər. Məlumat üçün isə qeyd edək ki, FES bu istiqamətdə addım atmamışdan öncə ən çox əmək bazarındakı vəziyyətə diqqət yetirir. Başqa sözlə desək, yeni iş yerlərinin açılıb, açılmaması sahəsində mövcud vəziyyət əsas götürülür ki, istehsal dalana dirəndiyi halda isə yeni iş yerlərinin açılması absur məsələ sayılır. Odur ki, apreldə 200 min yeni iş yerinin açılacağı gözləntisinin fiaskoya uğraması səbəbindən FES-in də iyunda dərəcəni artıracağı real görünmür.
Bəli: neftin bahalaşmasında Səudiyyə Ərəbistanının Yəməndə apardığı hərbi əməliyyatların, o cümlədən Liviyanın Zueitina terminalının fəaliyyətini təhlükəsizlik məsələləri ilə əlaqədar dayandırması kimi amillərin də rolu var. Ancaq əsas səbəb, ABŞ iqtisadiyyatında yaranmış vəziyyət və dolların bahalaşmasıdır.
Neftin qiymətinin 70 dollardan aşağı qalması artıq, Səudiyyə Ərəbistanı üçün də sərfəli deyil. Ər-Riyadın valyuta ehtiyatları son illərə nəzərən ən aşağı səviyyəyə enib.
Pərviz Heydərov
www.oxu.az