"Müstəqil Dövlətlər Birliyi (MDB) yarandığı dövrdən etibarən postsovet məkanında dövlətlərarası münasibətlərin tənzimlənməsi, transformasiya dövrünün böhranlarının idarə olunması və regional əməkdaşlıq mexanizmlərinin saxlanılması baxımından mühüm platformalardan biri kimi çıxış edir. Bu regional təşkilatın fəaliyyətində Azərbaycan Respublikasının iştirakı, sadəcə, prosedur öhdəliklərinin icrası ilə məhdudlaşmır, ölkəmizin MDB çərçivəsindəki mövqeyi milli suverenlik, hüquqi bərabərlik və milli maraqların üstünlüyü prinsiplərinə söykənən dərin analitik və strateji xəttin təzahürüdür".
Bu sözləri Oxu.Az-a açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, siyasi-hüquqi baxımdan Azərbaycanın MDB ilə münasibətlərinin ana xəttini təşkilatın təsis sənədlərində və beynəlxalq hüquq normalarında təsbit olunmuş suveren bərabərlik, ərazi bütövlüyü və daxili işlərə qarışmamaq prinsipləri təşkil edir:

"Azərbaycan MDB-yə daxil olarkən və bu günə qədər keçən dövr ərzində öz müstəqil xarici siyasət kursunu saxlayıb, üst milli xarakter daşıyan və ya dövlətlərin suveren hüquqlarını məhdudlaşdıra biləcək mexanizmlərə məsafəli yanaşıb. Ölkəmizin təşkilat çərçivəsində qəbul edilən bir çox qərarlara xüsusi rəy verməsi və qeyd-şərtlərlə qoşulması hüquqi diplomatiyanın çevikliyini və Azərbaycanın öz konseptual mövqeyindən geri çəkilmədiyini nümayiş etdirir. Eyni zamanda, MDB-də rotasiyalı sədrlik və həmsədrlik mexanizmləri çərçivəsində Azərbaycanın növbəti dövrlərdə bu məsuliyyəti öz üzərinə götürməyə hazırlaşması Bakının regional idarəetmədə bərabərhüquqlu və məsuliyyətli tərəfdaş kimi mövqeyini institusional səviyyədə möhkəmləndirir".
Deputatın sözlərinə görə, Avrasiya regionunda formalaşan yeni geostrateji və geoiqtisadi konfiqurasiya Azərbaycanın MDB məkanındakı çəkisini fundamental şəkildə dəyişmişdir:
"Postmünaqişə reallıqları, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi regional güc balansında Bakının rolunu həlledici müstəviyə qaldırıb. Bu yeni reallıqda Prezident İlham Əliyevin nümayiş etdirdiyi strateji liderlik modeli Azərbaycanı regional proseslərin passiv izləyicisi deyil, gündəliyi müəyyənləşdirən aparıcı aktora çevirib. Liderlik faktorunun güclənməsi xüsusilə nəqliyyat-logistika, energetika və təhlükəsizlik arxitekturasının yenidən qurulmasında özünü aydın göstərir.
MDB-nin strateji prioritetləri ilə Azərbaycanın milli inkişaf strategiyasının kəsişdiyi əsas nöqtələrdən biri nəqliyyat bağlılığı və logistika sahəsidir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat koridorlarının qovşağında yerləşən Azərbaycan Avrasiya məkanında tranzit imkanlarının genişləndirilməsində əvəzolunmaz halqadır. Regionda kommunikasiyaların blokdan çıxarılması, o cümlədən Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması və üçüncü ölkələrin yüklərinin daşınmasına imkan yaradılması Bakının regional iqtisadi inteqrasiyaya və sülhə yönəlmiş konstruktiv mövqeyinin praqmatik sübutudur. Bu addımlar göstərir ki, Azərbaycan regional nəqliyyat şəbəkələrinin mərkəzində duraraq MDB üzvü olan ölkələr üçün həm də etibarlı iqtisadi körpü funksiyasını yerinə yetirir".
Bəhruz Məhərrəmov əlavə edib ki, Azərbaycanın MDB ilə münasibətlərindəki mövcud dinamika və qarşıda duran strateji dövr müəyyən mühüm gözləntiləri şərtləndirir:
"İlk növbədə, təşkilat daxilində sədrlik və həmsədrlik mərhələsinə qədəm qoyulması Bakıya MDB-nin gələcək inkişaf vektorlarını, xüsusən nəqliyyat-logistika bağlılığı, sosial-iqtisadi inkişaf və humanitar əməkdaşlıq sahələrindəki prioritetlərini öz milli maraqlarına uyğun şəkildə istiqamətləndirmək imkanı verəcək. Azərbaycan təşkilatın siyasi manevr meydanı kimi effektivliyini saxlamaqda, eyni zamanda, üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli formatlarda qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır.
Aydındır ki, Azərbaycanın MDB məkanındakı fəaliyyəti regional sabitliyin, geoiqtisadi bağlılığın və bərabərhüquqlu dialoqun təşviqinə xidmət edir. Yenilənmiş regional konfiqurasiyada isə Bakı özünün iqtisadi potensialı, nəqliyyat infrastrukturu və güclü siyasi iradəsi ilə MDB çərçivəsində dayanıqlı inkişafın və təhlükəsizliyin əsas zəmanətçilərindən biri kimi öz aparıcı mövqeyini daha da möhkəmləndirir".