Argentina prokurorluğu əfsanəvi futbolçu Dieqo Maradonanın ölümündən əvvəl ona qulluq edən tibb işçilərinin 12 ilə qədər azadlıqdan məhrum olunmasını tələb edib. İttiham tərəfinin qənaətinə görə, həkim briqadası nizamsız fəaliyyət göstərib və pasiyentə lazımi səviyyədə qulluq etməyib.
Oxu.Az xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
Məlumata görə, 2020-ci il noyabrın 25-də beyin trombunun çıxarılması əməliyyatından sonra bərpa prosesi zamanı vəfat edən Maradonanın ölümü ilə əlaqədar yeddi tibb mütəxəssisi 2026-cı ilin aprelindən mühakimə olunur. Təqsirləndirilən şəxslər arasında futbolçunun şəxsi həkimi Leopoldo Lukke, həmçinin psixiatr, psixoloq, tibb bacıları və tibbi yardım koordinatorları var. Onlara qarşı tibbi yardım göstərilməsi zamanı kobud qayda pozuntularına yol verdikləri iddiası irəli sürülüb.
Təqsirləndirilənlərin heç biri öz günahını etiraf etmir. Prokuror yekun çıxışı zamanı bildirib ki, həkim komandasının işinin xaotik təşkili xəstə Maradonanı köməksiz vəziyyətdə qoyaraq, faktiki olaraq onu taleyin ümidinə buraxıb.
İttihamçının sözlərinə əsasən, tibb işçiləri öz vəzifələrini pozaraq, etməli olduqları hər şeyi yerinə yetirməyiblər. Prokurorluq tərəfindən ən ağır cəza Maradonanın şəxsi həkimi Leopoldo Lukke üçün tələb edilib - 12 il müddətinə azadlıqdan məhrumetmə. İttiham tərəfi digər tibb işçiləri üçün isə dörd ildən 10 ilə qədər həbs cəzası istəyib.