Ağır çəkidə keçmiş mütləq dünya çempionu, amerikalı boksçu Mayk Tayson futbol tarixinin ən yaxşı oyunçusu hesab etdiyi şəxs barədə danışaraq Dieqo Maradona və Lionel Messi arasında seçim edib.
Oxu.Az xəbər verir ki, bu barədə o, "The Ring" jurnalına müsahibəsində deyib.
59 yaşlı əfsanəvi boksçunun sözlərinə görə, Maradona ilə aralarında olan səmimi və yaxın şəxsi münasibətlərə görə o, həmişə onun üçün əsas futbolçu olaraq qalacaq. Bununla yanaşı, Tayson Messiyə qarşı böyük sevgi və hörmət bəslədiyini, lakin onu keçmiş illərin argentinalı ulduzu qədər yaxından tanımadığını xüsusi vurğulayıb.
"Tarixin ən böyük oyunçusu kimi hər zaman Maradonanını qəbul edəcəyəm. Lakin onun ən böyük olması, Messinin dahi olmadığı anlamına gəlmir. Mən Maradonanı tanıyıram, amma Messini yox. Ona hörmət edir və sevirəm. Ancaq onu Maradonanı tanıdığım qədər tanımıram. O, çox gözəl insan idi. Mənim üçün bir qardaş kimi idi. Messi bunu başa düşür", - deyə Tayson bildirib.