Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını vasitəçi şirkətlər olmadan həyata keçirəcək.
Oxu.Az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Azərbaycandan elektrik enerjisi idxalında vasitəçi kimi "Tbilisi İnvestisiya Qrupu" şirkəti fəaliyyət göstərib.
"Çox vacibdir ki, Azərbaycandan elektrik enerjisi idxalı vasitəçilər olmadan həyata keçiriləcək. Beləliklə, bundan sonra heç bir ölkədən elektrik enerjisi vasitəçilər vasitəsilə idxal olunmayacaq. Azərbaycan məsələsində vasitəçilərdən imtina etdikdən sonra dövlət hər il bir neçə milyon vəsaitə qənaət edəcək ki, bu da çox vacibdir", - deyə Kobaxidze bildirib.
Milli Enerji və Su Təchizatını Tənzimləmə Komissiyasının məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycandan elektrik enerjisi idxalının həcmi 164 milyon kilovat-saat, 2025-ci ildə 417 milyon kilovat-saat, 2024-cü ildə isə 186 milyon kilovat-saat təşkil edib.