Liviyanın paytaxtı Tripolidə hakimin penalti təyin etməkdən imtina etdiyi futbol matçından sonra kütləvi iğtişaşlar başlayıb.
Oxu.Az bu barədə "Sinxua" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, hakimin mübahisəli qərarından sonra qəzəbli azarkeşlər meydana qaçıblar və bundan sonra vəziyyət tez bir zamanda polis və hərbçilərlə qarşıdurmaya çevrilib. İğtişaşlar zamanı stadionun yaxınlığında bir neçə avtomobil yandırılıb. Etirazçılar, həmçinin Liviya baş nazirinin ofisini də yandırıblar.
Qeyd edilir ki, Liviya hərbi qüvvələri izdihamı dağıtmaq üçün döyüş patronlarından istifadə ediblər. Toqquşmalar nəticəsində bir əsgər ağır yaralanıb və həyatını itirib, yeddi nəfər isə xəsarət alıb.