Meksikanın Sinaloa ştatında yerləşən "El-Kastilyo" həbsxanasında baş vermiş toqquşmalar nəticəsində 10 nəfər ölüb, daha 16 nəfər isə yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə regionun İctimai Təhlükəsizlik Nazirliyi "X" sosial şəbəkəsində xəbər yayıb.
"El-Kastilyo" cəzaçəkmə mərkəzinin rəhbərliyi müəssisənin ərazisində kütləvi davanın qeydə alındığını bildirib.
"Hadisə zamanı doqquz məhbus və onları ziyarətə gələn bir qohum həlak olub. Yaralanan digər 16 məhkum isə lazımi tibbi yardımın göstərilməsi üçün həkimlərə təhvil verilib", - deyə rəsmi açıqlamada vurğulanır.
Nazirlikdən əlavə edilib ki, vəziyyəti nəzarət altına almaq məqsədilə qurumlararası xüsusi qrup cəlb olunub. Hazırda həbsxana tam olaraq rəsmilərin nəzarətindədir və orada təhlükəsizlik təmin edilir. İnsidentlə bağlı bütün məlumatlar günahkarların müəyyənləşdirilməsi və təhqiqat aparılması üçün ştatın Baş Prokurorluğuna təqdim olunub. Məhkumların və işçi heyətinin təhlükəsizliyini təmin etmək məqsədilə qabaqlayıcı tədbir kimi cəzaçəkmə müəssisəsinə bütün növ ziyarətlər müvəqqəti dayandırılıb.
Sosial xidmət nümayəndələri ölən şəxslərin ailələri ilə əlaqə yaradırlar. Digər məhbusların həyatı üçün heç bir təhlükənin olmadığı qeyd olunur.