Azərbaycanda 2027-ci ildə dövlət rüsumlarından büdcəyə 420 milyon manat daxilolma nəzərdə tutulsa da, Hesablama Palatası bu proqnozun tam yerinə yetirilməsi ilə bağlı risklərin mövcud olduğunu müəyyən edib.
Oxu.Az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2027-ci il dövlət büdcəsinin layihəsinə dair rəyində məlumat verilib.
Sənədə əsasən, dövlət rüsumları üzrə növbəti ilin proqnozu 2026-cı ilin təsdiqlənmiş göstəricisindən 58 milyon manat və ya 16 faiz, 2025-ci ilin faktiki daxilolmalarından isə 87.8 milyon manat və ya 26.4 faiz çoxdur.
Lakin Hesablama Palatasının təhlilləri göstərir ki, cari ilin faktiki daxilolma dinamikası nəzərə alındıqda, 2026-cı il üçün müəyyən edilmiş 362 milyon manatlıq proqnozun yerinə yetirilməsi real görünmür.
Belə ki, 2026-cı ilin ilk doqquz ayında dövlət rüsumları üzrə 231 milyon manat hesablandığı halda, büdcəyə faktiki daxilolmalar 241.7 milyon manat təşkil edib. Bu isə orta hesabla ayda 26.9 milyon manat daxilolma deməkdir.
Mövcud dinamikanın ilin sonunadək davam edəcəyi təqdirdə, 2026-cı ildə dövlət rüsumlarından büdcəyə daxilolmaların təxminən 323 milyon manat səviyyəsində formalaşacağı gözlənilir.
Bu göstərici ilə müqayisədə 2027-ci il üçün müəyyən edilmiş 420 milyon manatlıq proqnozun yerinə yetirilməsi əlavə təxminən 100 milyon manatlıq daxilolma tələb edir.
Büdcə layihəsinə dair izahatda dövlət rüsumlarından daxilolmaların artımı rüsum tətbiq edilən xidmətlərdən və hüquqi hərəkətlərdən istifadənin sayının çoxalması, qeyri-neft sektorunda iqtisadi artım və aksiz markası ilə markalanmalı məhsulların siyahısının genişləndirilməsi ilə əsaslandırılıb.
Bununla belə, Hesablama Palatası cari ilin faktiki göstəricilərini nəzərə alaraq, növbəti il üçün nəzərdə tutulan dövlət rüsumu proqnozunun reallaşdırılmasında risklərin olduğunu vurğulayıb.
Abbas Mirzəyev