Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda aparacağı modernləşdirmə işləri üçün nizamnamə kapitalını artırır. Bu məqsədlə Hökumət SOCAR-ın nizamnamə kapitalına 1 mlrd. manatdan artıq vəsait yatıracaq.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə SOCAR prezidenti Rövnəq Abdullayev deyib.
“SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılacaq modernləşmə işlərini Mərkəzi Bankdan aldığımız kreditlər hesabına həyata keçirəcək. Hökumət SOCAR-ın nizamnamə kapitalına vəsait yatıracaq ki, biz yenidənqurma işlərini aparaq”, - deyə R. Abdullayev qeyd edib.
SOCAR prezidenti qeyd edib ki, layihənin ümumi dəyəri 1,2 mlrd. manatdır.
“Yekun qərar müvafiq tenderlərin nəticəsindən asılı olacaq. SOCAR-ın böyük bir qrupu bunun üzərində işləyir. Bunun üçün mənim rəhbərliyim altında komissiya yaradılıb. Layihənin gedişatı ilə bağlı hər həftə hökumətə məruzə edirik. İşlər yüksək sürətlə gedir”, - deyə R. Abdullayev qeyd edib.