Azərbaycanda neft hasilatı 2018-ci ildə 38,8 milyon ton, təbii qaz hasilatı 30,5 milyard kub metr olub. 2018-ci ildə qaz hasilatı 6 faiz artıb. 2019-cu ildə isə 20 faiz artım gözlənilir. 2017-ci ilin maliyyə nəticələrinə görə, SOCAR-ın ümumi kapitalı 22 milyard manat, aktivlərinin həcmi isə 61,3 milyard manat təşkil edir.
Oxu.Az xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri İbrahim Əhmədov “SOCAR-ın strategiyası və kommunikasiya” mövzusundakı çıxışında açıqlayıb.
Onun sözlərinə görə, şirkət dəyər zəncirinə daxil olan bütün fəaliyyətləri - kəşfiyyat, hasilat, boru kəmərləri, logistika, emal, paylama və marketinqi özü həyata keçirir. “Heydər Əliyev” adına emal zavodunun yenidən qurulmasının birinci mərhələsi artıq yekunlaşıb, Türkiyədəki “Star” zavodu tam gücü ilə işə başlayıb.
İ.Əhmədov bildirib ki, 10 il əvvəl SOCAR yerli neft hasilatçısı idi, ötən illərdə şirkət böyük bir sıçrayış etdi və qlobal şirkətə çevrildi. SOCAR indi beş qitədə, 40 ölkədə, 100-dək liman arasında daşıma əməliyyatları həyata keçirir.
“SOCAR Afrika ölkələrində belə investisiyalara malikdir. Əldə etdiyi gəlirin hazırda həcminə görə xaricdəki fəaliyyətindən qazancı daha yüksəkdir. Nəticədə, şirkətin gəlirləri 2007-2018-ci illərdə 20 dəfə artaraq 4,7 milyard manatdan 92,6 milyard manata yüksəlib”, - deyən İ.Əhmədov şirkətdə 50 min işçi çalışdığını vurğulayıb.