Oktyabrın 14-də Prezident İlham Əliyev Qala-Pirallahı avtomobil yolunun birinci hissəsinin açılışında iştirak edib.
Oxu.Az xəbər verir ki, daha sonra dövlət başçısı Pirallahı qəsəbəsinin baş planı və Pirallahı rayonu Yeni Şəhər konsept planı, həmçinin, Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən yeni körpünün inşaat işləri ilə tanış olub.
Son illərdə paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır.
Bütün bu işlər “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı” na uyğun olaraq görülür.
Bu çərçivədə həyata keçirilən məqsədyönlü tədbirlərin məntiqi nəticəsi olaraq yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə istismara buraxılır.
Prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhərində də nəqliyyatın hərəkətinin tənzimlənməsi və yol infrastrukturunun təkmilləşdirilməsi layihələri üzrə işlər uğurla icra olunur.
Yeni yol qovşaqlarının, körpülərin, yeraltı və yürüstü keçidlərin inşası Bakıda tıxac probleminin aradan qaldırmasına və əhalinin rahatlığının təmin edilməsinə yönəldilib. Dövlət başçısının tapşırıqlarına əsasən paytaxtın yol nəqliyyat infrastrukturunun daha da müasir səviyyəyə çatdırılması istiqamətində məqsədyönlü və mühüm tədbirlər sırasına yeniləri də əlavə edilir.
Prezident İlham Əliyev yenidənqurma işlərindən sonra Qala-Pirallahı avtomobil yolunun birinci hissəsinin açılşında iştirak edib.
Nəqliyyat naziri Ziya Məmmədov görülən işlər barədə dövlət başçısına məlumat verib. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq yenidən qurulan yolun ümumi uzunluğu 22 kilometrə yaxındır.
Artıq yolun 15 kilometrə yaxın hissəsi istismara tam hazırdır. 4 hərəkət zolağı olan yolun tikintisi yüksək səviyyədə həyata keçirilib.
Qeyd edək ki, mövcud yol əvvəllər ensiz olduğu üçün hərəkətin inetnsivliyinə maneçilik törədirdi və tıxaclara səbəb olurdu. İndi isə yolun hərəkət hissəsinin eni 19 metrə yaxındır. Bu da avtomobillərin rahat və maneəsiz hərəkət etmələrinə şərait yaradacaq.
Dövlət proqramına daxil olan bu layihənin reallaşdırılmasında əsas məqsəd həm şəhərin mərkəzinə, həm də Qala və Pirallahı istiqamətinə rahat nəqliyyat əlaqəsini təmin etməkdir.
Onu da deyək ki, layihəyə əsasən qovşaqlar və piyada keçidləri də inşa olunub. Bundan başqa, yolların ətrafında yaşıllıqlar salınıb. İnşaat işləri zamanı burada bütün kommunikasiya sistemləri, o cümlədən su, istilik, qaz, rabitə və yağıntı sularını axıdan xətlər dəyişdirilib.
Beləliklə, müasir tələblər səviyyəsində inşa olunan bu yolun tikintisi nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində paytaxtda aparılan mühüm işlərin davamlı xarakter aldığını bir daha təsdiq edir.
Bu cür layihələrin uğurla icra olunması bir daha sübut edir ki, ölkədə aparılan sosialyönümlü tədbirlərdə başlıca məqsəd əhalinin rahatlığını təmin etməkdir. Sonra Prezident İlham Əliyev Pirallahı rayonuna gəlib.
Rayon İcra Hakimiyətinin başçısı Vasif İmanov dövlət başçısına Pirallahıda görülən işlər və qəsəbənin baş planı ilə bağlı ətraflı məlumat verib. Qeyd edək ki, yeni yaradılan Pirallahı rayonu da sürətli inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyev Bakı şəhər Pirallahı rayonun yaradılmasına dair qanunun tətbiqi barədə sərəncam imzaladıqdan sonra bu rayonda geniş quruculuq və adablıq işlərinə start verilib.
Qısa müddətdə Pirallahı qəsəbəsinin bütün yaşayış məhəllələrində abadlıq işləri geniş vüsət alıb.
Aparılan yenidənqurma işləri nəticəsində Pirallahı rayonunun siması sürətlə dəyişir və müasirləşir. İndi rayonda küçə və məhəllədaxili işıqlandırma sistemlərinin yenidən qurulmasında, ictimai nəqliyyatın fasiləsiz işində, sosial təyinatlı obyektlərin - məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin təmir-tikintisi və bərpası istiqamətində xeyli işlər görülür.
Pirallahı qəsəbəsinin inkişaf perspektivlərinə uyğun olaraq alternativ yolun inşası, kommunikasiya xətlərinin yerinin dəqiqləşdirilməsi, üzgüçülük, kurort komplekslərinin inşası, qəsəbədə qaçqınlar və məcburi köçkünlər üçün yaşayış kompleksinin tikintisi, helikopter meydançasının yeni əraziyə köçürülməsi, magistral yolun kənarlarında salınacaq yaşıllıqlar, abad məhəllə və digər işlərin həyata keçirilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən yeni körpünün inşaat işləri ilə də tanış olub.
Qeyd edək ki, tikinti işlərinə 2012-ci ilin sonunda başlanılıb. Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunun dəniz suyu ilə yuyulmasının qarşısının alınması, avtomobil körpüsünün tikintisi və yol ətrafı zonada ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə yol boyu sahilbərkitmə işləri görülüb və layihə üzrə artıq 60 faiz işlər icra edilib.
Körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrində yerləşir. Körpünün uzunluğu giriş-çıxış hissəsi arasında 710 metr, eni 14 hərəkət hissəsi isə 12 metrə yaxındır. Körpüdə də inşaat işlərinin xeyli hissəsi görülüb. Körpü istismara verildikdən sonra onun altından gəmilərin hərəkəti də nəzərdə tutulub. Bu məqsədlə lazımi işlər başa çatdırılıb.
Görülən işlər gəmilərin körpünün altından sərbəst hərəkətinə imkan verəcək. Prezident İlham Əliyev inşaat işlərinin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verdi.