Ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9075.5 milyon manatlıq, yaxud 2013-cü ilin müvafiq dövründəkindən 3.0 faiz çox vəsait yönəldilib.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əsas kapitala cəlb olunmuş vəsaitin 6596.7 milyon manatından tikinti-quraşdırma işlərində istifadə olunub və müqayisə olunan dövrdə 13.0 faiz artıb.
“Əsaslı vəsaitin 67.7 faizi və ya 6140.7 milyon manatı məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunub, əsas kapitala yönəldilmiş vəsaitin 6.4 milyard manatını və ya 70.8 faizini daxili investisyalar təşkil edib və ötən ilki səviyyədən 2.4 faiz az, xarici investisiya 18.9 faiz yüksək olub”, - deyilir məlumatda.
Tikinti kompleksinə yönəldilmiş vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işlərinin aparılması ilə yanaşı bir sıra istehsal və qeyri-istehsal obyektləri istifadəyə verilib. Yeddi ay ərzində 986.5 min kv.metr sahəsi olan yaşayış evləri, 3300 şagird yerlik ümumtəhsil məktəbləri, 672 yerlik məktəbəqədər təhsil müəssisələri, 200 çarpayılıq xəstəxana, Bakı şəhərində “Norm” sement zavodu, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni Gəmi inşası zavodu, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası, Suraxanı Günəş Elektrik Stansiyası, Sağlamlıq Mərkəzi, Milli Gimnastika Kompleksi, Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyası, Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Gənclər Mərkəzi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Gəncə şəhərində Metaltökmə və fasiləsiz yayma, Təzyiqlə emal və boyama zavodları, Ağdaş rayonunda Yem və Meyvə emalı zavodları, “Ağdaş” Elektrik yarımstansiyası, Göygöl rayonunda Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, Lənkəran rayonunda Çörək istehsalı zavodu, Şamaxı rayonunda “Şamaxı Palace Platinum By Rixos” oteli və s. obyektlər istifadəyə verilib.
Cari ildə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş 5413.6 milyon manat vəsaitin 3065.0 milyon manatından istifadə olunub.
2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası ilə əlaqədar 2014-cü ilin birinci yarısında ölkədə 65.1 min yeni, o cümlədən 52.8 min daimi iş yeri açılıb ki, bu da işsizlik səviyyəsinin aşağı salınmasına təsir edən əsas amillərdən biridir. Yaradılmış iş yerlərinin 69.3 faizi regionlarda, 83.9 faizi qeyri-dövlət sektorunda açılıb.
Gülnarə Zeynalova