Türkiyə üzərindən bazarlara nəql edilən İraq nefti, 2015-ci ildə bir əvvəlki ilə görə təxminən dörd dəfə artaraq, 48,6 milyondan 192,4 milyon barelə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Anadolu agentliyi məlumat yayıb.
Agentliyin müxbirinin BOTAŞ-ın hesabatına istinadən tərtib etdiyi statistik rəqəmlərə görə, ötən il Kərkük-Ceyhan neft kəməri kimi tanınan İraq-Türkiyə xəttindən dünya bazarlarına ötürülən neftin həcmi əvvəlki ilə nisbətən təxminən 300% artımla, 192 milyon 426 min barelə çatıb. Bu miqdar 2014-cü ildə təxminən 48 milyon 663 min barel həcmində qalıb.
Kəmər vasitəsilə ən az neft nəqli ötən ilin yanvar ayında olub; 11 milyon 397 min barel. Neft nəqlinin həcmi isə aprel ayından artmağa başlayıb, ilin son 4 ayında 18 milyon barel olub.
İldə təxminən 600 milyon barel tutuma malik bu xətdən, daha öncə daşınan ən yüksək İraq xam neftin miqdarı 167 milyon 467 min barellə 2009-cu ildə olub.
Sözügedən kəmər, İraqın Kərkük və digər istehsal sahələrindən əldə edilən xam nefti Yumurtalıq-Ceyhan Terminalına çatdırır. Buradan da tankerlərə yüklənərək, beynəlxalq bazarlara təqdim olunur.
Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin eksperti Bilgay Tüstü, sözügedən artımın üç səbəbi ola biləcəyini qeyd edərək, ilk növbədə təhlükəsizlik amilini önə çəkib:
“İraqdan neft axınındakı artımın ilk səbəbi Kərkük-Ceyhan Neft Boru Kəmərinin keçid nöqtəsindəki təhlükəsizliyin əhəmiyyətli dərəcədə təmin edilməsi olub. İraqın şimalındakı keçid xətti üzərində DAEŞ və PKK hücumları səbəbilə bəzən neft nəqlinin axsadığını bilirik.
Amma 2015-ci ildə İraqda həm DAEŞ-in hücumları (terror təşkilatı- red.) geriləyib, həm də neft boru kəmərinin keçdiyi ərazilərdə Kürdistan Demokrat Partiyasının (KDP) PKK üzərindəki təzyiqi artıb” - o bildirib.
Ülviyyə R. Əli
www.oxu.az