Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus Türkiyədəki “Petlim” konteyner limanının inşası 250 milyon dollar sərmayə ilə tamamlanacaq.
Oxu.Az xəbər verir ki, bu barədə “SOCAR Turkey” şirkətinin prezidenti Kənan Yavuz jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, limanın inşası üçün qoyulan maliyyə vəsaitin 212 milyon dolları Türkiyənin “Akbank”ından alınan kreditlə, geridə qalan hissəsi isə “Petlim”i idarə edəcək Hollandiyanın “APM Terminals” şirkəti tərəfindən qarşılanır.
Yavuz bildirib ki, liman 2015-ci ilin sentyabrında tam istifadəyə veriləcək.
“Səhmlərin 30%-ni, 300 milyon dollar qarşılığında ABŞ-ın ən böyük investisiya bankı olan “Goldman Sachs”-a satdıq. Səhmlərin 70%-i isə SOCAR-a məxsusdur” - deyə, o əlavə edib.
Xatırladaq ki, ötən il Dövlət Neft Şirkətinin Türkiyədəki ən böyük aktivi və səhmlərinin 61,32 faizi SOCAR-a məxsus olan “Petkim PetroKimya Holding A.Ş.”-nin törəmə şirkəti “Petlim Limancılık Ticaret A.Ş.” öz səhmlərinin 30 faizini 300 milyon dollara “Goldman Sachs” şirkətinə satıb. Limanın 70 faizlik hissəsi SOCAR-a, 30 faizlik hissəsi isə “Goldman Sachs”a aiddir.
Ülviyyə R. Əli
www.oxu.az