Səudiyyə Ərəbistanının neft ehtiyatlarına sahib olan dövlət şirkəti “Saudi Aramco” özəlləşdirməyə çıxarılmayacaq.
Oxu.Az xəbər verir ki, iki il davam edən hazırlıqlara baxmayaraq, Kral Salman şirkəti özəlləşdirməyə çıxarmaqdan imtina edib.
Saraydan mediaya sızdırılan məlumata görə, məsələ ilə bağlı kral hələ Ramazan ayında bir sıra məsləhətləşmələr aparıbmış. Hökumət üzvləri, bankirlər, neft şirkətlərinin yüksək səviyyəli idarəçiləri və “Aramco” şirkətinin keçmiş icraçı direktoru ilə müzakirələrdən sonra qərar ləğv edilib.
Buna əsas kimi “Saudi Aramco”nun özəlləşdirilməsinin ölkə iqtisadiyyatına ziyan vuracağı göstərilib. Lakin kralın qərarından dönməsinin əsl səbəbi kimi şirkətin özəlləşdiriləcəyi təqdirdə maliyyə məlumatlarının açıq olacağı gösətilir. Hansı ki, monarxiya bunu istəmir.
Xatırladaq ki, “Saudi Aramco”nun icraçı direktoru Amin Nasser şirkətin səhmlərinin 2018-ci ilin ikinci yarısında satışa çıxarılacağını demişdi.
Bazar dəyəri iki trilyon dollar olan şirkətin səhmlərinin 5 faizinin investorlara satılması, səhm satışından 100 milyard dollar gəlir əldə edilməsi nəzərdə tutulurdu.
Şirkətin səhmləri Səudiyyə Ərəbistanının birjası (Tadawul) ilə yanaşı, daha çox beynəlxalq bazarda satılacaqdı.
“Saudi Aramco”nun səhmlərinin satışı üzrə məsləhətçi banklar da seçilmişdi. Şirkətin səhmlərinin satışı zamanı “JPMORGAN Chase”, “Morgan Stanley” və “HSBC” bankları məsləhətçi qismində çıxış edəcəkdilər.
Onu da qeyd edək ki, “Saudi Aramco”nun özəlləşdirilməyə çıxarılmasından imtina edilməsi Səudiyyə Ərəbistanının neftə əsaslanan iqtisadiyyatını başdan ayağa dəyişməyi hədəfləyən “Vision 2030” proqramına zərbədir.