Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Kralı əsəbiləşdirən reklam kampaniyası dayandırıldı
Beynəlxalq “fast food” restoran zənciri “Burger King” Belçika kralı Filippin fotoşəklindən istifadə olunan reklam kampaniyasını dayandırıb.
Oxu.Az haberturk-ə istinadən xəbər verir ki, qərar kral ailəsi ilə “Burger King” rəhbərliyi arasında keçirilən görüşdən sonra verilib.
Qeyd edək ki, “fast food” restoran zənciri gələn ay Belçikada açacağı ilk filialının reklam kampaniyasında “Kral kimdir?” mənasına gələn “Whoistheking.be” adlı sayt yaratmışdı. Sayta daxil olan zaman Belçika kralı Filippin taxta çıxma tarixi və firmanın filialını açacağı günün tarixi qeyd olunurdu. Solda üzərində kralın şəkli olan krallığın gerbi, sağda isə “Burger King” loqosu olan səhifə açılırdı.
İstifadəçilər “Burger King”i seçərsə, sayta problemsiz daxil ola bilirdilər. Ancaq kral seçildiyində “Əminsiniz? Kartof dilimlərinizi o hazırlamayacaq” cümləsi çıxırdı. “Bəli”, - deyib bu mərhələni də keçənlər əmin olub-olmadıqlarına dair bir sualla da qarşılaşırdılar. Son səhifədə isə, sadəcə, “xeyr” ifadəsi çıxırdı.
Reklamda xüsusilə “İki kral. Tək Krallıq. Kim taxta oturacaq? İndi səs verin” ifadəsinin kralı əsəbiləşdirdiyi irəli sürülürdü. Müzakirələrdən sonra “Whoistheking.be” saytından kralın rəsmi yığışdırılıb. “Belçikada iki krala yer yoxdur” ifadəsi əlavə edilib.
L.Ə.
www.oxu.az