Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2024-cü il tarixli 236 nömrəli Fərmanının icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə torpaq idarəçiliyinə dair işlərin görülməsi davam etdirilir.
Oxu.Az xəbər verir ki, cari ilin sentyabr və oktyabr aylarında sahibkarlar üçün torpaq sahələrinin istifadəyə verilməsi məqsədilə bağçılıq və heyvandarlıq istiqamətində Xocalı, Xocavənd və Laçın rayonları üzrə ümumilikdə 6876 hektar ərazi müsabiqəyə çıxarılıb. Bu çərçivədə 68 müraciət qeydiyyata alınıb. Layihə sənədlərini təqdim etmiş 49 müraciətçi üzrə 51 layihə qiymətləndirilməyə cəlb olunub və nəticədə 48 layihə məqbul hesab edilib. Bu müraciətlər üzrə investisiya layihələrinə ayrılması nəzərdə tutulan torpaq sahəsi 3 rayon üzrə 4654 ha təşkil edir. Bunlardan 1 layihə intensiv heyvandarlığın inkişaf etdirilməsi istiqaməti (Laçın rayonu), digər 47 layihə isə (Laçın, Xocalı və Xocavənd rayonları) intensiv meyvəçilik istiqamətini əhatə edir.
Artıq qanunvericiliyin tələblərinə uyğun olaraq müsabiqə qalibləri ilə Kənd Təsərrüfatı Nazirliyi arasında torpaq icarə müqavilələrinin bağlanılmasına başlanılıb.
45-dən çox sahibkarla ilkin mərhələdə 5 illik, sonrakı mərhələdə 44 illik müddətə nəzərdə tutulmaqla ümumilikdə 4654 hektar torpağın icarəyə verilməsi həyata keçirilir.
İnvestisiya müsabiqələrində təqdim edilmiş aqrar layihənin kənd təsərrüfatı fəaliyyətinin dəyər zəncirini əhatə etməsi (əkinçilik, bağçılıq, heyvandarlıq, emal və s.), innovativ parametrlərə malik olması, investisiya həcmi, səmərəliliyi və s. məsələlər nəzərə alınır. İcarə müddəti dövründə fəaliyyətin qiymətləndirilməsi, davam etdirilməsi qərarları qəbul olunacaq.
Qeyd olunub ki, azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyətlərinin dayanıqlı inkişaf prinsipləri əsasında formalaşması nazirliyin əsas prioritetlərinə daxildir. Bu məqsədlə icarə əsaslı torpaq əldə etmiş sahibkarlara müvafiq subsidiyalarla göstərilən dəstəklər diqqət mərkəzində saxlanılır və Aqrar Subsidiya Şurasının hər il qəbul edilən qərarlarında ehtiyac meyarları nəzərə alınacaq.