Lerikdə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq sərancamı ilə ayrılmış vəsait hesabına uzun illər bərbad vəziyyətdə olan, 30 min əhalinin yaşadığı və 50 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 36 kilometr olan Noda-Şingədulan-Xanagah avtomobil yolu əsaslı təmir edilir.
Region iqtisadiyyatının inkişafı üçün böyük əhəmiyyət kəsb edən və strateji əhəmiyyətə malik olan bu yol istismara verildikdən sonra Masallı-Yardımlı avtomobil yoluna çıxış asanlaşacaq.
Layihəyə uyğun olaraq yol torpaq yatağı 10 metr, eni 6 metr ikzolaqlı asfalt-beton qarışığından tikiləcək. Yol boyunca hər biri ikiaşırımlı 3 ədəd körpü keçidi əsaslı təmir ediləcək, 80 ədəd su ötürücü quraşdırılacaq.
Yolun 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub.