"COP29 Paris sazişindən sonra keçirilən ən əhəmiyyətli tədbir oldu. Dünyadakı yaşıl enerjinin maliyyələşdirilməsi ilə bağlı aydın fikir yarandı".
Oxu.Az xəbər verir ki, bu fikirləri Bakı Enerji Forumunun ikinci günündə Macarıstan Energetika Nazirliyinin Enerji Siyasəti üzrə Dövlət Katibi Mark Alfoldi Boruss deyib.
O bildirib ki, Macarıstanda 2026-cı ilə qədər istixana qazlarını 50 faizə qədər azaltmaq məqsədi var: "Karbonsuz, dayanıqlı enerjini təmin etməyə çalışırıq. Macarıstan karbohidrogen resurslarından çox asılıdır. Birbaşa dənizə, enerji mənbələrinə çıxışımız yoxdur. Neft borularından asılı vəziyyətdəyik. 7 ölkə ilə qonşuyuq. Macarıstan təkcə istehlak yox, həm də tranzit ölkədir. 7 milyard kubmetr qazı ölkəmiz üçün istehlak edirik. 40 milyard kubmetr qazı isə digər ölkələrə ixrac edirik".
"Biz karbonsuzlaşmağa çalışmalıyıq. Macarıstanda çox güclü gübrə potensialı var. Günəş panelləri bizdə 8 giqavat enerji istehsal edir. Günəşli günlərin sayına baxsaq, pis nəticə deyil.
Azərbaycan və Macarıstan arasında əməkdaşlıq ildən-ilə genişlənməkdədir. Macarıstan sektorundakı şirkətlərin sayı Azərbaycan bazarında artmaqdadır. Diversifikasiya yaşıl enerjidə də mövcuddur. Azərbaycanın yaşıl enerji layihəsinə qoşulmağa çalışırıq. Biz inanırıq ki, etibarlı tərəfdaş olaraq COP29-dakı hədəflərə birgə çatacağıq", - deyə dövlət katibi qeyd edib.
Məhərrəm Əliyev