Rusiyanın “Qazprom” və Gürcüstanın “Qazko+” şirkətləri arasında imzalanmış müqavilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstana ixrac etdiyi təbii qazın həcminə təsir etməyəcək.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov deyib.
M.Məmmədov qeyd edib ki, hazırda Azərbaycandan ixrac olunan qaz Gürcüstanın “mavi yanacağa” olan cari tələbatının 90%-ni təmin edir və payız-qış mövsümündə gündəlik nəqletmə 12 milyon kubmetrə çatır.
Qeyd edək ki, “Qaprom” və “Qazko+” şirkətləri arasında imzalanmış müqavilənin şərtlərinə əsasən, bu ilin ikinci yarısında Rusiyadan Gürcüstana 100 milyon kubmetr həcmində qaz idxal olunacaq.
Gürcüstan müxalifəti hakimiyyəti analoji sövdələşmələri başlamaqla ölkəni Rusiyadan asılı vəziyyətə salmaqda ittiham edib.
Hökumət rəsmiləri isə dövlətin bu müqavilədən xəbərsiz olduğunu və sənədin özəl şirkət tərəfindən bağlandığını qeyd ediblər.