"Gələn il dövlət büdcəsində Dövlət Vergi Xidməti üzrə gəlirlər 16.9 milyard manat və ya 43.8% həcmində proqnozlaşdırılır. Bu, 2025-ci illə müqayisədə 1.4 milyard manat və ya 9.1%, 2024-cü illə müqayisədə isə 1.1 milyard manat və ya 7% çoxdur".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
Nazirin sözlərinə görə, qeyri-neft sektoru üzrə daxilolmaların 13.3 milyard manat və ya 78.7% olacağı gözlənilir:
"Bu göstərici 2025-ci illə müqayisədə 1.6 milyard manat və ya 14.1%, 2024-cü illə müqayisədə isə 2.3 milyard manat və ya 20.7% artım deməkdir. Qeyri-neft vergilərinin qeyri-neft ÜDM-ə nisbəti 13.1% səviyyəsində proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 0.6 faiz bəndi çoxdur. Neft-qaz sektoru üzrə daxilolmaların 3.6 milyard manat və ya 21.3% olacağı nəzərdə tutulur. Bu, 2025-ci illə müqayisədə 230 milyon manat və ya 6%, 2024-cü illə müqayisədə isə 1.2 milyard manat və ya 24.7% azdır.
"Dövlət Gömrük Komitəsi üzrə gəlirlər 6.9 milyard manat və ya 17.8% təşkil edəcək. Bu da 2025-ci illə müqayisədə 262 milyon manat və ya 4%, 2024-cü illə müqayisədə 213.3 milyon manat və ya 3.2% çoxdur", - nazir əlavə edib.
Mərahim Nəsib