MDB ölkələri regionda yaranmış mürəkkəb iqtisadi vəziyyətdən çıxış yolunu bərabər axtaracaqlar.
Oxu.Az BELTA-ya istinadən xəbər verir ki, bu barədə bu gün jurnalistlərə MDB İcraiyyə Komitəsinin icraçı katibi Sergey Lebedev bəyan edib.
Sergey Lebedevin sözlərinə görə, dövlət başçıları şurasının və hökumət başçıları şurasının 2008-ci ildəki qərarına əsasən, birlik ölkələrinin milli banklarının rəhbərlərinin iştirakı ilə maliyyə nazirlərinin iclası yaradılmışdı.
Bu iclaslar, 2014-cü il istisna olmaqla müntəzəm olaraq keçirilirdi.
“Amma bu yaxınlarda hökumət başçıları şurasının Aşqabadda keçirilən iclasında MDB ölkələrinin iqtisadiyyat və maliyyəsinə cavabdeh olan idarə rəhbərlərinin təcili konsultasiyasının keçirilməsi təklifi qəbul edilmişdi. Və bu iclası mümkün qədər tez keçirmək qərara alınmışdı”, - Sergey Lebedev deyib.
Maliyyə məsələləri üzrə cavabdehlik daşıyan iqtisadiyyat nazirlərinin və digər şəxslərin görüşü dekabrın 12-də Moskvada MDB-nin İqtisadi İttifaqının iclası zamanı baş tutub.
“Maraqlara əsaslanan fikir mübadiləsi aparılıb və MDB dövlətlərinin nümayəndələrini cəlb edərək işçi qrup yaratmaq qərara alınıb. MDB icraçı katibinə bu qrupun iclasını təşkil etmək və iqtisadiyyatda neqativ nəticələrin minimum həddə endirilməsi üçün birlik ölkələrinin fəaliyyətinə dair müştərək plan hazırlamasına dair sərəncam verilib”, - o izah edib.