Mərkəzi Bank “East Credo Kredit İttifaqı” və “Xazar Finans” kredit ittifaqlarının məhdud bank fəaliyyəti üzrə lisenziyalarını ləğv edib.
Oxu.Az-a bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Bankın məlumatında göstərilir ki, lisenziyanın alınmasına səbəb kredit təşkilatlarının son bir ildə fəaliyyət göstərməməsi və daxili auditi ödəməməsi ilə əlaqələndirilir.
Qeyd edək ki, “East Credo Kredit İttifaqı” (Cəlilabad rayonu) fəaliyyət göstərməsi üçün lisenziyanı 2011-ci il dekabrın 5-də, “Xazar Finans Kredit İttifaqı” (Bakı ş. Nəsimi rayonu) isə 2013-cü il fevralın 18-də əldə edib.
Kredit ittifaqlarının lisenziyasının ləğvi ilə bağlı Mərkəzi Bankın qərarı 2015-ci il yanvarın 21-də qəbul edilib. Qərar qəbul edildiyi gündən 10 gün sonra qüvvəyə minir.
Hər iki kredit ittifaqına ləğv olunma komissiyası yaratmaq tapşırılıb.
Məlumat üçün qeyd edək ki, Mərkəzi Bankın 2015-ci il yanvarın 1-nə olan məlumatına görə, 109 kredit ittifaqı fəaliyyət göstərmək üçün lisenziyaya malik olub.