2016-cı ildə Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə əməkhaqqı qismində 869 min manat ödənilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə AMB-nin ötən il üzrə audit hesabatında deyilir.
Hesabat “PricewaterhouseCoopers Audit Azerbaijan” MMC tərəfindən hazırlanıb.
2015-ci ildə AMB-nin rəhbərliyinin əməkhaqqı fondu 890 min manat təşkil edib. Beləliklə, Mərkəzi Bankın rəhbərliyinə ödənilən əməkhaqqı 2,36% və ya 21 min manat azalıb.
2015-ci illə müqayisədə ötən il AMB-nin inzibati və sair əməliyyat xərcləri 25,93% və ya 12 mln. 173 min manat artaraq 59 mln. 103 min manata çatıb.
Belə ki, AMB-nin regional tikinti və sosial xərcləri 14 mln. 363 min manat (+5,2 dəfə), işçilər üzrə xərcləri 12 mln. 314 min manat (-7,67%), tikili və avadanlıqlar üzrə köhnəlmə xərcləri 7 mln. 933 min manat (-14,13%), proqram təminatı və sair qeyri-maddi aktivlər üzrə amortizasiya xərcləri 5 mln. 477 min manat (+18,40%), əsginas və sikkələrin istehsalı və nəqli üzrə xərcləri 4 mln. 997 min manat (+31,58%), proqram təminatı və serverlərin dəstəklənməsi xərcləri 4 mln. 622 min manat (+1,94 dəfə), Dövlət Sosial Müdafiə Fondu üzrə ödənişləri 2 mln. 564 min manat (-6,32%), mühafizə xərcləri 1 mln. 393 min manat (+3,65%), sair xərcləri isə təxminən 1,3 mln. manat təşkil edib.
Tənzimləyici Maliyyə Monitorinqi Xidmətinin maliyyələşdirilməsi üzrə xərclərini kəskin azaldıb.
Belə ki, 2015-ci ildə bu maddə üzrə xərclər 2 mln. 395 min manat olduğu halda, 2016-cı ildə bu rəqəm 672 min manata enib.
Böyük ehtimalla, buna səbəb adıçəkilən xidmətin Maliyyə Bazarlarına Nəzarət Palatasının tabeliyinə verilməsi ilə əlaqədardır.
AMB ötən il ezamiyyə xərclərini 9,09% azaldaraq 143 min manata çatdırıb.
U.A.
www.oxu.az