"Azərbaycanın investisiya mənzərəsi üç strateji üstünlüyə əsasən formalaşır: konnektivlik (nəqliyyat və əlaqələndirmə), yaşıl enerji və rəqəmsal hazırlıq".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısı çərçivəsində təşkil olunan "Azərbaycanın İnvestisiya Perspektivləri Sessiyası"nda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərində mühüm qovşaq qismində çıxış edir və Şərq-Qərb konnektivliyində, xüsusilə Orta Dəhliz üzrə rolunu ardıcıl şəkildə gücləndirir:
"Xəzər dənizinin o tayında yerləşən Mərkəzi Asiya ölkələri üçün təbii çıxış nöqtəsi funksiyasını yerinə yetirən Azərbaycan bu mövqeyini müasir nəqliyyat, logistika və multimodal infrastruktur sahələrinə davamlı investisiyalarla möhkəmləndirir. Bu gündəliyin əsas elementlərindən biri TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Səyahət Marşrutu), yəni Zəngəzur dəhlizidir. Bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqəni gücləndirməklə yanaşı, Avropa ilə Asiya arasında regional logistika və tranzit qovşağı kimi ölkənin rolunu daha da artıracaq".