Tehranın nüvə dosyesinin yekun tənzimlənməsi ilə əlaqədar olaraq, İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyaların ləğv edilməsi, regionun bütün ölkələrinin iqtisadi inkişafı üçün yeni imkanlar açır, bu barədə Azərbaycan iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bəyan edib, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
“Mən hesab edirəm ki, bu, bütün regiona ümumilikdə müsbət təsir göstərəcək. Bu rakursdan regionun bütün ölkələri üçün mühüm iqtisadi imkanlar yarana bilər. Biz qonşu ölkələr kimi iqtisadi əlaqələrin inkişafında maraqlı olmalıyıq”, - Həsənova jurnalistlərə bildirib.
Bununla yanaşı, o, Avropaya müştərək qaz çatdırmaları barədə İranın və Bakının danışıqlara başlaması barədə məlumatı şərh etməyib.
O, qeyd edib ki, belə danışıqlar İran və Azərbaycanın neft-qaz şirkətləri arasında və Energetika Nazirliyi xətti ilə aparıla bilər. Eyni zamanda o qeyd edib ki, sanksiyaların ləğvi başladıqdan sonra “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılmasına dair fəal iş aparılır.
“Biz “Şimal-Cənub”, yəni Azərbaycandan keçərək İrandan Rusiyaya, tranzit marşrutunun inkişafı üzrə danışıqlar aparırıq, bizim üçün bu marşrut üzrə dəmir yol çatdırmalarının bərpası xüsusilə vacibdir. Yəni, orada zəif bənd var, biz İran ilə dəmir yolunun çatışmayan bəndinin İranda tikilməsi barədə danışıqlar aparırıq”, - nazir müavini qeyd edib.