Havaların kəskin soyuyacağı ilə əlaqədar avtobusların texniki vəziyyəti mövsümə uyğun saz vəziyyətə gətirilib.
Bunu Oxu.Az-a Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin rəis müavini Əmrah Cəfərov bildirib.
Əmrah Cəfərovun sözlərinə görə, avtobuslar qış mövsümünə uyğun olaraq xüsusi şinlərlə təchiz olunub:
“Havaların kəskin soyuyacağı ilə əlaqədar Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsində müşavirə keçirilib. Hansı yollarda buzlaşma təhlükəsi yaranacaqsa, həmin yollara qum səpilməsi ilə bağlı müvafiq qurumlara müraciət ediləcək.
İdarə rəisinin rəhbərliyi ilə qərargah da yaradılıb.
Bundan başqa, vətəndaşlar hər hansı bir problemlə üzləşdikdə idarədə yaradılan qaynar xəttə (561 76 28) müraciət edə bilərlər”.
Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında yanvarın 8-də fasilələrlə yağış, qar yağacaq. Şimal-qərb küləyi şiddətlənəcək. Çovğun olacaq, gecəyə doğru yollar buz bağlayacaq.
E.Ə.
www.oxu.az