“Neft Daşları” Neft və Qazçıxarma İdarəsində yerləşən istehsalat obyektlərinin, həmçinin texnoloji avadanlıqların təhlükəsiz istismarının təmin edilməsi, mövcud hasilat quyularının səmərəliliyinin artırılması məqsədilə estakadaların təmirinə böyük önəm verilir.
Bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) Oxu.Az-a bildirilib.
NQÇİ-nin istismar etdiyi 111-239 saylı və 1711-1923 saylı meydançalararası estakadalar “Neftqaztikinti” Tresti tərəfindən əsaslı təmir edilərək istismara verilib.
111-239 saylı meydançalararası estakadanın 338 metrlik hissəsi, 1711-1923 saylı meydançalararası estakadanın isə 477 metrlik hissəsi təmir olunub.
Əsaslı təmir işləri zamanı estakadaların altındakı metal-konstruksiyasılar yeniləri ilə əvəz olunub, möhkəmləndirici svaylar vurulub, ferma və rigellər yığılmış, çəp dirəklər qaynaq olunub.
Estakadanın üst hissəsində isə məhəccər çəpərlər təmir olunub, yeni dəfedicilər quraşdırılıb, dəmir-beton tavalar yeniləri ilə əvəzlənib, elektrik dirəkləri yenilənib, yeni asfalt-beton örtüyü salınıb.
Ülviyyə R. Əli
www.oxu.az